28.04.2015

Yol hərəkəti qaydaları və biz

 

Aprelin 23-də Bakı Şəhəri 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə 151 №-li məktəbdə Dövlət Yol Polisi əməkdaşları arasında “Yol hərəkəti qaydaları və biz!” mövzusunda görüş keçirilib. Görüşün keçirilməsində məqsəd şagirdlərə təhlükəsiz davranış qaydalarını öyrətmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını  tədbir iştirakçılarına nümayiş etdirməkdən ibarət olub.Görüşdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik leytenantı Vaqif  Əsədov,polis polkovnik leytenantı Rasim Abdullayev,Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları polis mayorları Kəmalə Ələkbərova, Məryəm Ömərova, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Elməddin Muradlı, “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov, 151 №-li məktəbin, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin müəllim, valideyn və şagirdləri, KİV nümayəndələri iştirak ediblər.

151 №-li məktəbin akt zalı şüarlar, plakatlar, stendlər, rəsmlər və yol nişanları bəzədilərək xüsusi ayrılmış yerlərdə uşaq yaradıcılığını əks etdirən müxtəlif nümunələr sərgilənib. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçirilən tədbirə qatılan “Yol hərəkəti dərnəyi”nin xüsusi formalar geyinmiş üzvləri interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdiriblər.

Tədbirdə iştirak edən  DYP İdarəsinin əməkdaşları öz çıxışlarında əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönləndirilməsini tövsiyə edib və hamını qanunlara riayət etməyə çağırıblar. Mövzuya uyğun Bakı Şəhər DYP İdarəsinin reklam xarakterli sosial çarxı nümayiş etdirilib.

Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına  kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunub.

Sonda il boyu “Uşaqlar və Yol Təhlükəsizliyi  Layihəsi”ndə fəal iştirakına görə fərqlənən müəllimlərə 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin Diplomları təqdim edilib. Tədbirdə iştirak edən 200 uşağa isə AZERSUN HOLDİNQ-in hədiyyələri paylanıb.