14.05.2015

Milli-mənəvi irsimizi öyrənək və nəsildən-nəslə ötürək

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və faşizim üzərində qələbənin 70 illiyi ilə əlaqədar 7-8 may tarixlərində Göygöl şəhər 1 nömrəli tam orta məktəbdə “Milli-mənəvi irsimizi öyrənək və nəsildən-nəslə ötürək” devizi altında 2 günlük elmi-praktik konfrans keçirilmişdir. Konfransda  Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 12 nəfərdən ibarət  Uşaq Parlamentinin “Diyarşünaslıq” komissiyasının üzvləri iştirak etmişdir.

Əməkdaşlıq  çərçivəsində keçirilən konfransın əsas məqsədi şagirdlər arasında dostluq münasibəti qurub, tariximizi və milli mənəvi dəyərlərimizi gənc nəslə yaxından tanıtmaq, fikir mübadiləsi apararaq tədrisin və tərbiyənin inkişafına xidmət edən yaradıcı mühitin yaradılmasından ibarət olmuşdur.

Konfrans öncəsi hər iki məktəbin şagirdləri Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya etmiş, Ulu Öndərin abidəsi qarşısına çiçək dəstələri düzmüşlər.

 Daha sonra Göygöl şəhər  1 nömrəli tam orta məktəbdə keçirilən konfransda şagirdlər “Heydər Əliyev və Milli mənəvi irsimiz” mövzusunda təqdimat işlərini  nümayiş etdirmişlər.

Tədbirdə məktəb direktorları Nərminə Gündüzlü və Rəşad Zülfüqarov rəhbər olduqları  məktəblər haqqında şagirdlərə geniş məlumat vermiş, belə dostluq əlaqələrinin böyük əhəmiyyətini vurğulayaraq təşəbbüs qrupunun rəhbəri Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi Elnur Hacıyevə təşəkkürlərini bildirmişlər.

 Konfransın sonunda  hər iki məktəbin   şagirdləri bir -birinə, həmçinin məktəbə xatirə hədiyyələri təqdim etmişlər. Hədiyyələr içərisində  bədii ədəbiyyat nümunələri, Göygöl və Bakı  haqqında məlumatı özündə əks etdirən kitab topluları və rəsm əsərləri yer tutmuşdur.

İki günlük səfər çərçivəsinda şagirdlər “Tarix-Diyarşünaslıq muzeyinə” və  “Göygöl Uşaq və Ailələrə dəstək Mərkəzinə”  ziyarət etmiş, Mərkəzdə olan uşaqları öz bayram sovqatları ilə sevindirmişlər.

Eyni zamanda şagirdlər səfər çərçivəsində  9 may “Qələbə günü” günü münasibətilə şəhərin mərkəzində keçirilən bayram şənliyinə qatılmış, Azərbaycanın dilbər guşəsi olan Hacıkənd meşəsində olmuşlar.

Səfər zamanı 5 nömrəli məktəbin şagirdlərinə xüsusi diqqət ayrılmış, Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elbrus Ağayevin uşaqlarla görüşü də  unudulmaz bir xatirəyə çevrilmişdir.    Səfər  Bakı şəhəri 5 və  Göygöl şəhər 1 nömrəli tam orta məktəbləri arasında “Qarşılıqlı dostluq və birgə əməkdaşlıq haqqında saziş” in imzalanması  və şagirdlərin Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərisinə ziyarəti ilə  başa çatmışdır.