21.09.2015

Hərəkətin təhlükəsizliyi aylığı davam edir

 

Respublika ərazisində  cari ilin 10 sentyabr-10 oktyabr  tarixlərində “Diqqət uşaqlar” adı altında  hərəkətin  təhlükəsizliyi  aylığının keçirilməsi  barədə Azərbaycan  Respublikası  Daxili İşlər Nazirliyinin  03 sentyabr  2015-ci il tarixli əmrinin icrası ilə bağlı    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tövsiyə xarakterli məktubuna əsasən, təhsil müəssisələrində tədbirlərə start verilmişdir.

Bununla əlaqədar, təhsil müəssisələrində pedaqoji işçilər, məktəblilər və onların valideynlərinin iştirakı ilə maarifləndirici söhbətlər, “dəyirmi masa”lar, treninqlər, nümunəvi dərslər, izahat xarakterli diskussiyalar, viktorinalar, praktiki məşğələlər  keçirilir, videosujetlərə, filmlərə  kütləvi baxışlar təşkil edilir.

Görülən tədbirlərin davamı olaraq Bakı şəhər Dövlət Yol Polis İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə 46 nömrəli  Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində tədbir təşkil olunmuşdur. Tədbirdə  hərəkətin təhlükəsizliyi aylığının mahiyyəti barədə məlumat verilmiş, gənc polislərin nümunəvi çıxışları təşkil edilmiş, praktiki məşğələlər keçirilmişdir. Aylığın keçirilməsi işində baza olaraq 46 nömrəli  Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin bütün təhsil müəssisələrinə dəstək olacağı bildirilmişdir.