23.09.2015

“İnklüziv təhsil və sosial inklüziya” mövzusunda maarifləndirici konfrans keçirilib

 

Sentyabrın 22-də Xətai rayon 257 nömrəli tam orta məktəbdə “Təhsilə dəstək” layihəsi çərçivəsində “İnklüziv təhsil və sosial inklüziya” mövzusunda maarifləndirici konfrans keçirilib.

Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB-nin İctimai vəkillik üzrə məsləhətçisi Vüqar Salmanov, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB-nin Sumqayıt “Təhsilə dəstək” layihəsinin kordinatoru Gülgəz Abasquliyeva, məktəb kollektivi və valideynlər iştirak edib.

Konfransı açılış nitqi ilə 257 nömrəli məktəbin direktoru Qarat Qaratov açıb. O öz çıxışında “Təhsilə dəstək” layihəsi ilə bağlı geniş məlumat verib.

Konfransda xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarından bəhs edən  maarifləndirici təqdimatla çıxış edən Vüqar Salmanov bildirib ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatının əsas missiyası valideyn himayəsindən məhrum olan uşaqlara uzunmüddətli qayğı göstərmək, uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınmasıdır: “Biz əminik ki, hər bir uşaq qayğıkeş ailə mühitində böyüməlidir. Buna görə işimiz uşaqların uşaq kimi yaşaya biləcəyi sevgi dolu ev yaratmaqda ailələrə kömək etməkdir”. Vüqar Salmanov inklüziv təhsil və uşaq hüquqları mövzusunda çıxışını davam etdirərək qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların ayrıseçkiliyə məruz qalmaması, ailədə yaşaması, təhsil alması və cəmiyyətə inteqrasiyası ən vacib məsələlərdəndir.

Konfransda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova inklüziv təhsil və “Təhsilə dəstək” layihəsi barədə çıxış edib. O, çıxışı zamanı inklüziv təhsillə bağlı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məqsəd və vəzifələrdən bəhs edib. Lamiyə Şərəfxanova öz çıxışında əlilliyi olan uşaqların məktəbəqədər təhsili, onların sosiallaşması kimi önəmli məsələləri də qeyd edib.

“İnklüziv təhsil və sosial inklüziya” mövzusunda keçirilən maarifləndirici konfransda məktəbin ibtidai sinif müəllimi İlhamə Həsənovanın “Sinifdə inklüziv uşaqlarla necə işləməli” mövzusunda çıxışı da maraqla dinlənilib.

Sonda müəllim və valideynlərin inklüziv təhsillə bağlı sualları cavablandırılıb.