06.11.2015

Bakı məktəblərində Konstitusiya ilə bağlı maarifləndirici layihənin icrasına başlanılıb

 

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilati dəstəyi ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Azərbaycan  Respublikası  Konstitusiyasının qəbul  edilməsinin 20-ci illiyi ilə əlaqədar olaraq uşaqlar arasında maarifləndirici tədbirlərin təşkili”  layihəsinin icrasına başlanılıb.

        Layihə 3 ay müddətində Bakı şəhər məktəblərində həyata keçiriləcəkdir.

        Layihə çərçivəsində   Konstitusiyada nəzərdə tutulan normalar, onun icrası, hakimiyyət bölgüsü, uşaqların Konstitusiyon hüquqları və Konstitusiyanın cəmiyyətin inkişafına verdiyi töhfə ilə bağlı mühazirələr təşkil olunacaq, “Konstitusiyamız uşaqların gözü ilə” mövzusunda uşaqlar arasında rəsm və inşa müsabiqələri  keçiriləcəkdir.

        Layihənin ilkin mərhələdə 12 ümumtəhsil məktəbində  keçirilməsi nəzərdə tutulur. Bununla  bağlı  artıq  2 məktəbdə -  45 və 212 nömrəli tam orta məktəblərdə seminarlar keçirilib. İnteraktiv  formada təşkil olunan seminarlarda Konstutisiyanın yaranma tarixi, onun qəbul edilməsi  proseduru, mühüm normalar, icra məsələləri, Konstitusiyada insan və uşaq hüquqları ilə bağlı müddəaların yer alması və  Konstitusiya  Məhkəməsinə  müraciət  mexanizmi  iştirakçıların nəzərinə çatdırılıb.

        Seminarlarda   Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,  rayon icra hakimiyyətlərinin  nümayəndələri, ekspertlər çıxışlar edib və  uşaqları maraqlandıran sualları cavablandırıblar.