15.10.2015

“Diqqət uşaqlar”devizi altında hərəkətin təhlükəsizliyi aylığına yekun vuruldu

         Bakı  şəhəri  ümumtəhsil məktəbləri  və məktəbdənkənar təhsil müəssisələrində Respublikada elan olunmuş  “Hərəkətin təhlükəsizliyi” aylığı çərçivəsində  məktəblilərin  təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması, uşaq və yeniyetmələrin iştirakı ilə  yol-nəqliyyat hadisələrinin  qarşısının alınması, təhlükəsiz  davranış vərdişlərinin  aşılanması məqsədilə ərazi  yol polisi əməkdaşları, valideynlər, ictimai qurumların  nümayəndələri ilə  birlikdə  maarifləndirici tədbirlər  keçirilib.

     Təhsil müəssisələrində  “Üç möcüzəli  rəng: qırmızı, yaşıl, sarı”, “Yol hərəkəti qaydalarını  vurma cədvəli kimi yadında saxla”, “Kim yol hərəkəti qaydalarını yaxşı bilir”, “Yüksək sürət-can alır”,  “Stop-dayan yol hərəkəti qaydalarına əməl et”,  “Yol nişanlarını  tanıyaq”, “Yol hərəkəti qaydalarını  öyrənmək həyatımızın  təminatıdır”, “İşıqfor məktəbi”, “Yol uşaqların gözü ilə”, “Yol hərəkətinin əlifbası”, “Yol hərəkəti  qaydaları ölkəsinə səyahət” və digər adlarla  təşkil olunan dəyirmi masalar, disputlar, treninqlər, praktiki məşğələlər, nümunəvi dərslər, izahat xarakterli diskusiyalar, valideynlər üçün məsləhət  saatları, səhnəciklər, inşa,  rəsm və şeir müsabiqələrində  məktəblilərə  yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib, iştirakçılara  kitabçalar, bukletlər və plakatlar  paylanıb.

          Eyni zamanda Bakı şəhəri  60, 151, 164, 245 nömrəli tam ota məktəblərinin direktor müavinləri və uşaq birliyi rəhbərləri üçün 46  nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində “hərəkətin təhlükəsizliyi aylığı” ilə əlaqədar təlimati seminarlar da keçirilib.

      Bakı  şəhəri 46  nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin müasir təlim kompleksində keçirilən maarifləndirici tədbirlərdə  dərnək üzvləri  virtual sürücülüklə məşğul olublar.  Maarifləndirici tədbirdə uşaqlarla  yol hərəkətinə aid viktorina da keçirilib. Həm sürücülük, həm də viktorina üzrə fərqlənən uşaqlar qiymətləndirilib.