19.11.2015

Müəllimlərin peşə standartları müəyyənləşdirilir

 

        Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə “İnkişaf” Elmi Mərkəzi tərəfindən “Müəllimlər üçün peşə standartlarının hazırlanması” layihəsi həyata keçirilir. Pilot layihə çərçivəsində müəllimlərin peşə standartları müəyyənləşdirilir.

        Hazırlıq prosesində olan standartlar üzərində təcrübə aparılır, peşəkarların fikirləri öyrənilir. Eyni zamanda, hazırlanmış peşə standartlarının obyektivliyini və validliyini müəyyənləşdirmək məqsədi ilə müəllimlər tərəfindən anonim qiymətləndirilməsi də nəzərdə tutulur.

        Bu məqsədlə 20 noyabr tarixində ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində dərs deyən 500 nəfər Azərbaycan dili və 500 nəfər riyaziyyat müəllimləri 2 mərkəzdə (18 nömrəli tam orta məktəb və 220 nömrəli məktəb-lisey) toplanaraq peşə standartlarının müəyyənləşdirilməsində və anonim qiymətləndirilməsində iştirak edəcəklər.

        Bu standartlar “Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi”nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların göstərilməsinə xidmət edəcək və Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verəcəkdir.

       Eyni zamanda, müəllimlərin peşə standartlarının hazırlanması Azərbaycanda müəllim heyətinin müasir tələblərə cavab verməsində rol oynayacaqdır. Bu standartların hazırlanması müəllim kompetensiyalarının inkişafının istiqamətləndirilməsinə, müəllim peşəsinin nüfuzunu artırılmasına zəmin verəcək, həmçinin, hər bir müəllimə dünya təcrübəsinə yiyələnmək imkanı yaradacaqdır.

       Qeyd edək ki, layihənin icrası müddətində dərslərin müşahidəsi və hədəf qruplarda müzakirələrin keçirilməsi nəzərdə tutulmuşdur.