30.11.2015

Dramaturq Sabit Rəhmanın 105 illik yubleyi qeyd olunur

 

       Bakı  şəhəri 5 nömrəli  tam  orta məktəbdə  Estetik Tərbiyə üzrə Tədris - Metodik Mərkəzinin təşkilati dəstəyiilə  məktəbin  birgə  əməkdaşlığı  çərçivəsində  əməkdar incəsənət xadimi, görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın 105 illik yubileyinə həsr edilmiş “Düşündürən gülüş” adlı  musiqili - bədii  gecə  keçirilib.

       Tədbirdə Təhsil Nazirliyi, Estetik Tərbiyə üzrə Tədris - Metodik Mərkəzi və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri,  xalq artistləri Amalya Pənahova, Azər Zeynallı, Sabit Rəhmanın qızı Gültəkin Əzizova,Bakı Musiqi Akademiyasının professoru, bəstəkarEmin Sabitoğlunun qızı Ceyran Mahmudova və  başqaları  iştirak  ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərminə Gündüzlü belə tədbirlərin  mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığı haqqında şagirdlər tərəfindən daha çox bilik əldə edilməsində  böyük  rol oynadığını  söyləyib.

Musiqili - bədii gecədə  şagirdlər dramaturqun “Nişanlı qız”, “Əliqulu evlənir” “Hicran” əsərləri əsasında qurulmuş tamaşalardan parçalar, Emin Sabitoğlunun bəstələdiyi mahnılar  ifa etmişlər.

       Xalq artistləri Amalya Pənovanın  nitqi, Azər Zeynallı tərəfindən  “Şükriyyə” və “Gəncədən gəlirəm” mahnılarının ifası gecəni daha canlı və  obrazlı etdi. Tədbirə  gələn qonaqlar da ölməz dramaturq  haqqında  öz  fikir və xatirələrini  bölüşdülər.

      Tədbir  məktəbin xor kollektivinin ifasında “Yaşa Azərbaycan” mahnısı  ilə başa çatdı.