16.12.2015

“Açıq qapı” gününə psixoloji baxış

 

    Uğurlu nəticə qazanmış məktəblərin təcrübəsinin öyrənilməsi istiqamətində “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” günü layihəsi davam edir.

      Dekabrın 22-dək  davam edəcək layihə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində həyata keçirilir.

    Bakının 12 rayonu üzrə keçirilən lahiyədə məktəblərin bir-biri ilə təcrübə mübadiləsinə şərait yaradılır, qabaqcıl məktəblər öz təcrübələrini digər məktəblərlə bölüşə bilirlər.

      Bildiyiniz kimi, “Açıq qapı” günləri çərçivəsində rayon üzrə mərkəz seçilmiş məktəblərdə müxtəlif sahələr üzrə sessiyalar təşkil olunur. Onlardan bəlkə də ən maraqlısı psixoloqların sessiyasıdır. Elə həmsöhbətimiz də 287 nömrəli “Zəkalar” liseyinin psixoloqu Xatirə Hacıyevadır.

 

       Bizə biraz məktəbdə təşkil edilən psixoloji xidmətdən bəhs edin.

       Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri hansılardır?

 

    Təhsil sistemində qazanılan uğur digər amillərlə yanaşı psixoloji xidmət işinin təşkilindən, onun imkanlarından və necə istifadə olunmasından çox asılıdır. Qeyd edim ki, məktəbdə psixoloji xidmət işi psixodiaqnostika, psixokonsultasiya, psixokorreksiya, psixoprofilaktika və psixoloji konsilium sahələrini əhatə edir.

 

       Gördüyünüz işlərin uşaqlara nə kimi köməyi dəyir?

 

       Gördüyümüz işlər uşaqların inkişafına xidmət edir. Uşaqları təkcə ali məktəbə tələbə kimi hazırlamırıq. Onları problemsiz, komplekssiz şəxsiyyət kimi yetişdiririk. Onların özünəinam hissinin yüksəldilməsi, "mən bacarıram" deməsi üçün çalışırıq.Psixodiaqnostik sorğular  və testlərin nəticələri əsasında zəif və problemli şagirdlər aşkar olunur ki, əvvəl onların sinif rəhbərləri ilə bu problemi müzakirə edir, sonra isə uşaqlarla fərdi və qrup halında konsultativ işlər aparırıq. Belə ki, diaqnostik sorğular və testlərin nəticələrinə əsasən, qapalı, utancaq, həyəcanlılıq səviyyəsi yüksək olan uşaqlar müəyyənləşdirilir, valideynləri, bacı-qardaşı və siniflə münasibətlərində problemləri olan uşaqlarla iş aparılır. Aparılan  işlər nəticəsində qapalı və utancaq şagirdlərin bir qədər aktiv olmasına çalışır, sosial həyatda şagirdlərin sıxılmadan iştirakı üçün konsultativ və  korrektiv  işlər aparırıq. Ailə və ya siniflə  bağlı bir problem olarsa şagirdi dinləyir, ona təmkinli olmağı, valideynləri, sinif yoldaşları ilə konfliktə girməməyi məsləhət görürük. Eləcə də valideynlərlə görüşüb şagirdin yaş dövrünün xüsusiyyətləri barədə məlumatlar və məsləhətlər veririk.

 

        Tədrisin keyfiyyətinə nəzarət işinin təşkilində psixoloqun nə kimi rolu var?

        Bu haqda fikirlərinizi öyrənmək istərdik.

 

      Məktəbdə psixoloji xidmət təhsil sisteminin mühüm sahəsi kimi şagirdlərin təlim-tərbiyəsi, onların bilik, bacarıq və qabiliyyətlərinin aşkar olunmasına, idrak imkanlarının müəyyənləşməsinə xidmət göstərir. Hesab edirəm ki, məktəbdə psixoloji xidmət işinə məktəb sisteminin tərkib hissəsi kimi baxmaq lazımdır. Şagird şəxsiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi məktəbin, o cümlədən psixoloji xidmət işinin həm məqsədi, həm də nəticəsi olmalıdır. Psixoloqun əsas vəzifəsi şagirdlərin təlim və tərbiyəsi sahəsində məktəbdə aparılan işin səmərəliliyini artırmaq və sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir.

 

   Bildiyiniz kimi, Bakının 12 rayonu üzrə “Açıq qapı” günləri keçirilir. Açıq qapı günlərində keçirilən sessiyalardan biri də psixoloqları sessiyalarıdır. Siz də həmin sessiyaların birinin ev sahibi olmusunuz. Keçirilən sessiyada əsasən hansı mövzular qabardıldı?

 

       Sessiyada bir çox  mövzular ətrafında müzakirələr aparıldı. İlk öncə məktəbdə zəif, risk qrupuna daxil olan, natamam ailələrdən gələn və çətin tərbiyə olunan  şagirdlərlə bağlı aparılan psixoloji xidmət işi müzakirə edildi.  Son zamanlarda kompüter, sosial şəbəkələrin uşaqları ünsiyyətdən yayındırması, onların qapalı mühit çərçivəsində böyüdülməsi və bu kimi digər  halların sonradan yaratdığı çatışmazlıqlar sessiyada iştirak edən kolleqalarımın əsas müzakirə mövzusu idi.

 

       Bu kimi sessiyalar məktəb psixoloqlarının işində hansı irəliləyişlərə səbəb ola bilər?

 

       Bu cür sessiyalar həm təcrübə mübadiləsinə, həm də əlaqələrin genişləndirilməsinə şərait yaradır. Belə görüşlər nəticəsində biz bir-birimizlə məsləhətləşməyi, yaranan problemə müxtəlif aspektlərdən yanaşmağı öyrənirik.

 

       287 nömrəli “Zəkalar” liseyində keçirilən psixoloqların sessiyasında  təqdimat etmisiniz. Zəhmət olmasa, təqdimatınızdan bizə biraz bəsh edin.

 

       Təqdimatımın mövzusu məktəbdə psixoloji xidmət işi və zəif şagirdlərlə iş idi. Təqdimata başlayarkən ilk öncə məktəb psixoloqunun vəzifələri, məktəbdə psixoloji xidmət işinin sahələri barədə məlumat verdim və bu sahələr üzrə işlər təqdim etdim. Qeyd edim ki, burada siniflərlə aparılan diaqnostik işlər, profilaktik söhbətlər, fərdi konsultativ işlər, qrup şəklində aparılmış korreksiya işləri öz əksini tapırdı.

    Təbii ki, bir psixoloq işi haqqında danışarkən onun məktəbdə təşkil etdiyi tədbirlərdən də söz açması mütləqdir.  Bu baxımdan təqdimatda psixoloji maarifləndirmə mövzusunda keçirilən tədbirdlər də işıqlandırıldı.

 

       Keçirilən sessiyada aparılan müzakirələr zamanı hansı problemlər üzə çıxdı?

       Yəqin ki, psixoloqların problemlərini onların özləri daha yaxşı diqqətə çatdırmış oldu.

 

       Sessiyada psixoloqların xüsusi dərs saatlarına ehtiyacının olması  əsas müzakirə edilən problemlərdən idi. Eləcə də psixoloji işlərin aparılması üçün hansısa bir  dərsin pozulmasının nə qədər doğru və yalnış olması məsələsi də müzakirə  edildi.

    Valideynlərlə işin aparılması, valideynlərin psixoloji bilik səviyyəsinin aşağı olması və bu hallarda psixoloqların işinin daha da çətinləşdiyi qabardılan problemlərdən oldu.

   Sessiyamızda psixoloqun məktəbdə psixoloji xidmət işinin hüquqi normalarının əsasını təşkil edən “Məktəb  psixoloqunun əsasnaməsi”nin hələ də təsdiqlənməməsi və psixoloqun vəzifə maaşı barədə mövzular da gündəmdə idi.

 

        “Açıq qapı” günündə keçirilən sessiyada təcrübə mübadiləsi əsasında hansı lazımlı metodlardan bəhs edildi?

 

       Dərslərdə, eləcə də valideyn iclaslarında iştirak etməklə şagirdlərin problemlərinin aşkara çıxarılmasının mümkünlüyü  müzakirə  edildi. Bununla bərabər çətin tərbiyə olunan uşaqların məktəbdə təşkil olunan tədbirlərə cəlb edilməsinin onlarda özünənəzarət, özünəinam hissinin artmasına, yaxınlarına sevgi ilə yanaşmasına, davranışındakı qüsurların aradan qalxmasına kömək olacağından bəhs olundu. Eyni zamanda, pedaqoji kollektivlə iş də müzakirə mövzusu idi. Müəllimlərlə şagirdlər arasında qarşılıqlı anlaşmanın yaradılması və  şagirdlərlə həyatı söhbətlərin aparılması mövzusunda pedaqoji kollektivlə seminarların keçirilməsi qarşıya məqsəd qoyuldu.“Müəllim aqressiv olduqda bu şagirdə də yansıyır. Bu mövzuda daha çox ibtidai sinif müəllimlərini və sinif rəhbərlərini bilgiləndiririk. Onları şagirdlərlə daha səmimi ünsiyyətə çağırırıq”.

 

       Sizin fikrinizcə məktəb üzrə bir psoxoloqun çalışması yetirmi?

 

       Qətiyyən yetmir.Məktəbdə psixoloji xidmət işi 5 sahədən ibarətdir. Məktəbdə çoxsaylı şagird təhsil alır və normal olaraq  problemlər də həddindən çoxdur. Sessiyamızda həmkarlarım tərəfindən bu problemin az da olsa həllinə nail olmaq üçün hər məktəbdə ən azı 2 psixoloqun olması, ibtidai və yuxarı siniflər üzrə bölünməsi təklif edildi.

 

       Bu kimi sessiyaların mütəmadi keçirilməsi nə dərəcədə lazımlıdır?

 

      Mən hesab edirəm ki, belə görüşlərin olması bizə bir çox mövzunun kolleqalarımızla müzakirəsi, ortaq problemlərin konsilium şəklində həlli baxımından çox lazımlıdır. Sessiyamız bu cəhətdən aktiv və faydalı keçdi. Mənim fikrimcə, bizim daha da məsuliyyətimiz artdı. İnanıram ki, müzakirələr zamanı əldə edilmiş təcrübələr bizim gələcək işimizdə  köməyimizə çatacaq.

 

       Liseyinizdə keçirilən psixoloqların sessiyasından hansı təəssüratla ayrıldınız?

 

       Sessiyadan xoş təəssüratlarla ayrıldıq. Təcrübə mübadiləsində bütün psixoloqlar fəal iştirak edirdi və otağımızda işgüzar bir səs-küy var idi. Sessiyamızda ekspert qismində iştirak edən Sevinc Əmirovanın ümidverici və peşəkar fikirləri ilə tanış olmaq, təcrübələrindən faydalanmaq kolleqalarımın ürəyincə oldu. Bu sessiyalar nəticəsində gələcəkdə psixoloji xidmət işinin daha da yaxşılaşacağına, genişlənəcəyinə, qarşıya çıxan problemlərin profesional şəkildə həll olunacağına inanıram.