15.02.2016

“Qış mövsümündə yol hərəkətini təhlükəsiz başa vuraq!”

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 46  nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi tərəfindən  “Qış mövsümündə yol hərəkətini təhlükəsiz başa vuraq!” mövzusunda maarifləndirmə  tədbirləri  keçirilib. Məlumdur ki, qış aylarında hava şəraiti ilə əlaqədar piyadalar daha diqqətli olmalıdır. Çünki yağışlı və qarlı havada yolu keçmək çətinləşir. Sürücülər çox vaxt  belə havada yolu keçən piyadanı pis görür və yol sürüşkən olduğundan avtomobili dayandırmaq çətinləşir. Buna görə də qış mövsümündə uşaqlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir.

Mərkəz  tərəfindən  belə maarifləndirmə işləri yanvar ayından başlamış və fevral ayında da davam etdirilir.

Məşğələlərin keçirilməsində məqsəd məktəblilərə  təhlükəsiz davranış qaydalarını öyrətmək, onların  yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirməkdir.

Bakı şəhəri 151 nömrəli tam orta  məktəbdə  12 fevral 2016-cı il tarixində “Qış mövsümündə yol hərəkətini təhlükəsiz başa vuraq!” mövzusunda keçirilən  məşğələdə 30-dan çox  ibtidai sinif şagirdi  iştirak edib. Bakı  şəhəri  126 nömrəli tam orta  məktəbdə  keçirilən məşğələdə isə 35 məktəblinin  iştirakı təmin olunub. Məşğələlərdə şagirdlər  öyrəndikləri  yol nişanlarından kompüter təqdimatları hazırlayraq  bu nişanlar haqqında izahat veriblər.

Sonda uşaqlara yol hərəkət qaydalarına aid vəsaitlər hədiyyə olunub. Fərqlənən uşaqlar Mərkəzin Fəxri Fərmanları ilə təltif ediliblər.

Qeyd edək ki, belə məşğələlər   Bakı şəhəri 1, 32, 45, 47, 54, 96, 132  nömrəli tam orta məktəblərdə də təşkil olunub.


Açar sözlər: