18.02.2016

“Ana dilimizi sevək, sevdirək”

Fevral ayının 21 – i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu məqsədlə 308 nömrəli tam orta məktəbdə “Ana dilimizi sevək, sevdirək” mövzusunda tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev, şair, dramaturq, Yazıçılar Birliyinin üzvü Oqtay Rza, şairə Cığatel İsaqızı, aşıq Kəmalə, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin inkişaf mərhələlərinə nəzər yetirilib, ana dilimizin tarixi haqqında şagirdlərə geniş məlumat verilib. Daha sonra tədbir iştirakçılarına “Mən fəxr edirəm ki, azərbaycanlıyam” başlığı altında slayd təqdim olunub.

Tədbir məktəblilər tərəfindən hazırlanan ədəbi - bədii kompozisiya ilə davam edib. Ədəbi - bədii kompozisiyada Azərbaycan klassiklərinin  yaradıcılığına müraciət olunub, onların dil haqqında fikirləri səsləndirilib, şagirdlər Aşıq Ələsgərin, Dilarə Girzanlının şeirlərini ifa ediblər.

Tədbirdə xalq şairi Zəlimxan Yaqubun aşıq sənətinə verdiyi qiymətdən də bəhs olunub, görkəmli şairin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan başqa, şagirdlər tərəfindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasından və Səməd Vurğunun “Vaqif” dramından bir parça səhnələşdirilib.

“Multikulturalizm” haqqında da danışılan tədbirdə II sinif şagirdlərinin  təqdimatında bütün dünya xalqlarının rəqs nümunələri nümayiş olunub.

Tədbirdə çıxış edənlər ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb, o cümlədən milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyini bir daha vurğulayıblar.

Rəngarəng tədbir məktəbin “Cəngi” ansamblının musiqi sədaları altında başa çatıb.