11.03.2016

“Qarabağı unutma, gənclərdə  vətənpərvərlik  ruhunun təbliği” mövzusunda  maarifləndirmə tədbirləri  təşkil edilir

Bakı şəhəri  45 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi  və "Yayım” Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qarabağı  unutma, hadisələr şahidlərin gözü ilə” mövzusunda tədbir keçirilmiş, məktəblilərin Qarabağ müharibəsi veteranları və ziyalıları ilə görüşləri təşkil edilmişdir.

Bakı şəhəri 45 və 212 nömrəli məktəblərin  9-11-ci sinif şagirdlərinin iştirak etdiyi tədbirdə Qarabağ müharibəsi əlilləri  veteranlar və şəhid ailələri İctimai Birliyinin Nərimanov şöbəsinin sədri, şəhid Faiq Yusifovun atası İrşad Yusifov, Laçın rayonundan olan, şəhid Bayram Mürsəlovun atası Məmməd Mürsəlov, Qarabağ müharibəsi veteranları Rüxsarə Cumayeva və Rauf Allahverdiyev iştirak etmişdir.

Gənclər qarşısında çıxış edən qonaqlar  onlara Qarabağ müharibəsinin tarixi, müharibənin başlama səbəbləri, erməni vandalizmi, Azərbaycanın qeyrətli şəhid oğulları və onlarla birlikdə vuruşan  qeyrətli xanımlarımız, işğal altında  olan torpaqlarımız, maddi-mənəvi sərvətlərimiz haqqında məlumat verərək gəncləri qəhrəmanlarımızın davamçıları olmağa çağırmışlar.  Iki saat davam edən tədbirin sonunda məktəblilər şəhidlər haqqında şeirlər söyləmiş, səhnəciklər nümayiş etdirmişlər.

45 nömrəli məktəbin direktoru Nazilə Məmmədova öz çıxışında  məktəblilərin Qarabağla bağlı tədbirlərə həmişə diqqətlə yanaşdığını qeyd edərək  tədbirin təşkilatçılarına  təşəkkürünü bildirmişdir.

Dərs  ilinin sonuna   qədər mövzu ilə əlaqəli tədbirlərin  təşkili davam edəcək.