17.03.2016

Məktəblilərin  Azərbaycan Milli Elmlər Akademiyasının “Elmi Nailiyyətlər”  sərgisinə ekskursiyaları  təşkil edilir

Məktəblilərin  müxtəlif elm  sahələrinə marağını stimullaşdırmaq məqsədilə  Azərbaycan Milli Elmlər Akademiyası 70 illik yubiley  tədbirləri çərçivəsində  Akademiyanın  bütün elmi müəssisəsi və təşkilatlarının əldə etdiyi  elmi nailiyyət  və yeniliklərinin  nümayiş olunduğu “Elmi Nailiyyətlər” sərgisinə ekskursiyalar  təşkil olunur.

Sərgidə məktəblilərə Akademiyanın sərgiyə qatılan elmi müəssisə və təşkilatları barədə məlumat verilmiş, qurumların hansı sərgi məhsulları ilə çıxış etdiyini, sərgi üzrə təqdim olunan məhsulların növünü, formatını, müxtəlif müəssisələrə məxsus ixtira və eksponatların mövzu dairəsi uşaqların diqqətinə çatdırılmışdır. Qeyd  olunmuşdur  ki, Akademiyanın yeddi elmi bölməsinin tərkibindəki institut və təşkilatların, regional elmi mərkəz və bölmələrin fəaliyyətini, o cümlədən rəyasət heyətinin guşələrinə qoyulan eksponatları əks etdirən sərgi  38 pavilyondan ibarətdir.

Sərgi zamanı  AMEA-nın elmi müəssisə və təşkilatlarında elmin müxtəlif istiqamətlərində həm fundamental, həm də innovativ tətbiqi əhəmiyyəti olan bir sıra nailiyyətlər əldə olunduğu, bu nailiyyətlərin istehsalatın bir çox sahələrində istifadə edilməsi üçün xarici dövlət və qeyri-dövlət müəssisələrinin mütəxəssislərini yeniliklər barədə müntəzəm olaraq məlumatlandırmağın əsas şərt olduğu  vurğulanmışdır.

Şagirdlər Akademiyanın institut və təşkilatlarının fəaliyyətindən bəhs edən, Azərbaycan, rus və ingilis dillərində buklet, kitab və digər nəşrlərlə tanış olmuş, AMEA-nın bir qrup alim və mütəxəssisi ilə görüşmüşlər.

Sonra Akademiyanın elmi müəssisə və təşkilatlarının rəhbərləri AMEA-nın uzun illər boyu əldə etdiyi uğurlar, önəmli araşdırmaların nəticələri, elm sahələrinin müxtəlif tipli problemləri ilə əlaqədar aparılan tədqiqatlar barədə uşaqlara məlumat vermiş, bir sıra mövzularda müzakirələr aparılmış, şagirdlərin sualları cavablandırılmışdır.

Məktəblilərin  Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Nailiyyətlər  Sərgisinə ekskursiyaları davam edir.