12.05.2016

Bakı şəhəri  12 nömrəli  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Dünya Çempionu oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 12 nömrəli  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin idmançıları Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində  karate idman növü  üzrə  yeniyetmələr və uşaqlar arasında keçirilən Dünya Çempionatında  iştirak ediblər. Yarışda  ölkəmizi  təlimatçı, məşqçi-müəllim Əbülfət Qarayevin rəhbərliyi ilə iki idmançı: 2007-ci il təvəllüdlü Murad  Nemətli və 2003-cü il təvəllüdlü  Hüseyn Məmmədli təmsil etmişlər.

Çempionatda Türkiyə, Gürcüstan, Rusiya, İran, Suriya, Misir, Ukrayna, İraq və  Əlcəzair dövlətlərinin idmançıları da iştirak ediblər.

Yarışın nəticələrinə əsasən, Hüseyn Məmmədli  öz çəki dərəcəsində 15 idmançı arasında qalib olaraq dünya birincisi olmuşdur.

Məmmədli Hüseyn birinci görüşündə Suriya idmançısına  8:0,  ikinci görüşündə İran idmançısına  6:0 və final görüşündə Türkiyə idmançısına 7:0 hesabı ilə qalib gəlmişdir.

Məmmədli Hüseyn 2 ilə yaxındır ki, yığma komandanın üzvüdür. O, bir çox ölkədaxili və beynəlxalq turnirlərin mükafatçısı və qalibi olmuşdur. 17 aprel 2016-cı il tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirin qalibi olan  Hüseyn Məmmədli  157 nömrəli tam  orta   məktəbin VII sinfinin şagirdidir.


Açar sözlər: ,