10.06.2016

“Azərbaycan hamımızın vətənidir” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”  elan olunması münasibətilə Bakı şəhəri Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbdə “Azərbaycan hamımızın Vətənidir” adlı tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi Azərbaycanda yaşayan çoxsaylı xalqların mədəniyyətini, musiqisini, mətbəxini əks etdirmək və Azərbaycanda nümunəvi multikultural, tolerant mühitin mövcudluğunu və həmin xalqların ölkəmizdə dostluq, qardaşlıq, əminamanlıq, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını nümayiş etdirmək olmuşdur.

“Azərbaycan hamımızın Vətənidir” adlı tədbirdə Azərbaycanın 13 bölgəsi təmsil olunmuş, məktəbin şagirdlərinin ifasında həmin bölgələrin rəqsləri və folkloru öz əksini tapmışdır.

Tədbirin mahiyyətinə uyğun olaraq məktəbin foyesində etnoqrafiyaya həsr edilən, maddi mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunmuş, burada müxtəlif  etnik qruplara məxsus milli geyimlər və onların mətbəxləri nümayiş etdirilmişdir.

“Azərbaycan hamımızın Vətənidir” adlı tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Azərbaycanın Rus İcmasının  sədri Mixail Zabelin, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Respublikasının Prezidenti  yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, məktəbin adını daşıdığı şəhid Eldar Quliyevin anası Roza xanım, şəhid anası Milli Qəhrəman Y.Kovalyovın anası Larisa xanım, Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov, Nizami rayonunda fəaliyyət göstərən məktəb direktorları iştirak etmişlər.

“Azərbaycan hamımızın Vətənidir” devizi ilə  səhnəyə çıxan məktəblilərin müxtəlif xalqların  ədəbi irsini özündə əks etdirən proqramlarla çıxışları, eləcə də  Azərbaycanı xatırladan səhnədə birgə yaşayışı təmin olunmuş müxtəlif xalqların  mahnı, rəqs və bədii kompozisiyaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. 

Tədbirdə 145 nömrəli məktəbin “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Ə. Hüseynov adına Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Sahilə Xəlilova, Həsənli kənd tam orta məktəbin direktoru Mətanət Rəhimova və ağstafalı şagirdlər də iştirak etmişlər. Tədbirdə ağstafalı şagirdlərin ifasında maraqlı kompozisiya nümayiş etdirilmişdir.