22.09.2016

Yaradıcılıq Mərkəzlərinin dərnək üzvləri VII Qız Qalası Beynəlxalq İncəsənət Festivalında iştirak ediblər

Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, İDEA (ətraf mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının təşkilatçılığı  ilə 17-18 sentyabr 2016-cı il tarixində Azərbaycan Republikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız Qalası qarşısındakı meydanda VII Qız Qalası Beynəlxalq İncəsənət Festivalı keçirildi.

Festivalın keçirilməsində əsas  məqsəd  Bakının rəmzi olan Qız Qalasını  dünyaya tanıtmaq, abidəyə təkcə turizm nöqteyi-nəzərindən deyil, həm də elmi cəhətdən maraq oyatmaq olmuşdur. 40 məktəbli və 10 müəllimin qatıldığı festivalda hər qrup özü hazırladığı eskiz əsasında işlədi. İki gün ərzində uşaqlar və müəllimlər tək festival iştirakçıları ilə deyil, həm də açıq foruma böyük maraq göstərən şəhər sakinləri və Bakı şəhərinin qonaqları ilə qarşılıqlı mədəniyyətlərarası fəaliyyət zəminində təcrübə qazandılar. Festivalda iştirak edən gənc rəssamlara tam özünüifadə  sərbəstliyi və zəruri ləvazimatlar verilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət  göstərən Yeniyetmələrin 22 nömrəli  Yaradıcılıq Mərkəzi  və   46 nömrəli  Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin  “Günəş” art studiyasının üzvləri Mədinə Məmmədova, Aytac Pirili, Nailə Əhmədova, Sibel Hüseynzadə, Günel  Babayeva və Zöhrə Quliyeva “Qüllə” modelləri  üzərində iki gün çalışmaları davam etdirdilər. Gənc rəssamlarımız Qız Qalasını təkcə tarixi memarlıq abidəsi kimi yox, həmçinin abidənin yaranmasında, kəşf edilməsində, ziyarət edilməsində iştirak edən insanların  ürəkləri, gözləri, ruhları, qəlbləri və əllərini birgə bir dünya kimi gördülər.

               Sonda festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırıldılar.