28.11.2016

Məktəblilərin fənn müsabiqələri və beynəlxalq olimpiadalara hazırlığı davam edir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi son illər istedadlı uşaqların aşkar və onların mövcud potensiallarından məqsədyönlü istifadə edilməsi istiqamətində bir sıra layihələr həyata keçirmişdir. İstedadlı uşaqlarla iş və bu istiqamətdə görülən müxtəlif yarış, müsabiqə, yerli və beynəlxalq fənn olimpiadaları ümumi təhsilin bir hissəsini təşkil etməklə ən əsas sahələrdən biri olaraq qalmaqdadır. Çünki istedadlı şagirdləri vaxtında aşkar etməklə, onları qabiliyyətlərinə uyğun istiqamətləndirməklə gələcəkdə ölkə üçün güclü elm adamları, mühəndislər, iqtisadçılar, həkimlər və ixtisasından asılı olmayaraq fərqli düşünən, analiz qabiliyyəti çox yüksək olan mütəxəssislərin yetişməsinə nail olacağıq. Hazırda məktəblilərin fənn müsabiqələri və beynəlxalq fənn olimpiadalarına hazırlıqla bağlı davamlı işlər həyata keçirilir.

 

Fənn müsabiqələrinin məntiqi nəticəsi istedadlı uşaqları kəşf etməkdir 

 

Aydın məsələdir ki, istedadları daha erkən yaşlarda kəşf etdiyimiz təqdirdə şagirdlərin öz istedadları çərçivəsində onların zəruri hazırlığının artırılması istiqamətində ciddi işlərin aparılması mümkün olacaqdır. Elə bu məqsədlə artıq iki ildir ki, Təhsil Nazirliyi VII və VIII sinif şagirdləri arasında fənn müsabiqələri təşkil edir və onları həyata keçirir. Fənn müsabiqələrinin məntiqi nəticəsi ölkənin bütün şəhər və rayonlarından istedadlı uşaqları kəşf edərək onlarla xüsusi proqramlar əsasında təlim-tədris prosesini həyata keçirməkdən ibarətdir. 2015-2016-cı tədris ilində keçirilən fənn müsabiqələrinin nəticələrinə əsasən Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü lisey və kimya-biologiya təmayüllü liseyin nəzdində olimpiada mərkəzləri yaradılıb. Bu mərkəzlərdə hazırda olimpiadalara hazırlıq sinifləri fəaliyyət göstərir. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fizika, riyaziyyat və informatika, kimya- biologiya təmayüllü liseydə isə kimya və biologiya fənləri üzrə siniflər artıq fəaliyyətə başlamışdır. Mərkəzlərdə şagirdlərə siniflərə uyğun olaraq fənn kurikulumlarına müvafiq dərslər keçməklə yanaşı, müxtəlif beynəlxalq müsabiqə və olimpiadalara hazırlıq proqramları əsasında dərslər keçilir. Respublikanın bu sahədə ən tanınmış və təcrübəli pedaqoji heyəti tərəfindən aparılan dərslərdə şagirdlərə olimpiadalara hazırlıq proqramları əsasında dərslər təşkil olunmaqdadır. 

 

Olimpiadalara hazırlıq müəllim və şagirdlər üçün mürəkkəb bir prosesdir

 

İstedadlı uşaqlarla iş üzrə təşkilat komitəsi bu siniflərdə tədris alan şagirdlərin gələcəkdə Azərbaycan təhsilini beynəlxalq olimpiadalarda layiqincə təmsil edəcəyinə şübhə etmir. Qeyd olunmalıdır ki, olimpiadalara hazırlıq işi həm şagirdlər, həm də ümumi olaraq onlara dərs deyən müəllimlər üçün mürəkkəb bir prosesdir, burada həm pedaqoji heyətin, həm də təhsilalanların ciddi əməyi tələb olunur. Dünyanın 100-dən çox ölkəsindən müvafiq fənlər üzrə ən yaxşı, savadlı, istedadlı, hazırlıqlı olan həmyaşıdları ilə elm sahəsində mübarizə aparmaq, kənardan göründüyü kimi, o qədər də asan deyil. Bunun üçün şagirdlərimizdən intensiv və nizamlı çalışma, müxtəlif yerli və xarici ədəbiyyatlardan istifadə etməklə öz bilik və bacarıqlarını daim artırması tələb olunur. Azərbaycan məktəblilərinin bu günədək iştirak etdikləri beynəlxalq olimpiadalarda əldə etdiyi nailiyyətlər bu prosesin bizim üçün yeni və əlçatmaz olmadığından xəbər verir. Məqsədimiz son vaxtlara qədər əsasən özəl məktəblərin payına düşən bu nəticələrin ölkənin dövlət ümumtəhsil müəssisələrində təhsil alan istedadlı şagirdləri də cəlb etməklə əldə olunması üçün lazımi imkanları təşkil etməkdən ibarətdir. 

 

Valideynlər, müəllimlər uşaqları fənn müsabiqələrinə istiqamətləndirsinlər

 

Olimpiadalara hazırlıq işi kom-pleks fəaliyyət planı tələb edir. Belə ki, buraya yerli ədəbiyyatların hazırlanması, çalışqan və istedadlı uşaqların cəlb edilməsi, şagirdlərin hazırlığı üçün lazımi təlim şəraitinin hazırlanması və s. daxildir. Dövlət büdcəsi hesabına yataqxana və gündə üç dəfə isti yeməklə təchiz olunan liseylərin olimpiadalara hazırlıq mərkəzi olaraq seçilməsinin əsas səbəbi rayon və kəndlərdən olan şagirdlərin mərkəzlərə gəldikdə hər cür şəraitlə təmin edilməsi ilə bağlıdır. Hazırda həmin liseylərdə bu məqsədlə yaradılan siniflərdə 60-a yaxın şagirdlərdən arzu edənlər öz evlərində və ya məktəbin yataqxanasında qala bilərlər. Hər il keçiriləcək respublika fənn müsabiqələrinin nəticələrinə əsasən yaradılan bu siniflər müxtəlif yaşlı şagirdlər üçün olimpiadalara hazırlığı təmin edəcəkdir. Odur ki, valideynlərdən, fənn müəllimlərindən xahişimiz budur ki, uşaqları fənn müsabiqələrinə istiqamətləndirsinlər. Bəzən haqlı və ya haqsız olaraq məktəb rəhbərləri və fənn müəllimləri öz məktəblərində istedadlı şagirdlərin başqa məktəblərə keçirilməsinə razılıq vermir və ya razılıq vermək istəmirlər. Birincisi, hər bir təhsil işçisi bilməlidir ki, şagird hər hansı bir məktəbin şagirdi olsa da, o, dövlətin şagirdidir. Şagirdlərin potensial istedadlarını inkişaf etdirəcək mərkəzlərdə tədrislərini davam etdirmələri üçün onların qarşısını kəsmək yox, onları olimpiadalara hazırlıq siniflərinə istiqamətləndirmək lazımdır. Həmin məktəb rəhbərləri və ya fənn müəllimləri unutmamalıdırlar ki, bu gün Stanford, Oksford, Toronto kimi universitetlərdə, Massaçusets Texnologiya İnstitutunda təhsillərini davam etdirən və ya dünyanın qabaqcıl ali məktəblərindən məzun olub istər ölkəmizdə, istərsə də ölkədən kənarda elmi fəaliyyətlərlə məşğul olan gənclərimiz bu tip mərkəzlərdə təhsil almaqla o səviyyəyə çatmışlar. Bir çox inkişaf etmiş ölkələrdə, hətta postsovet ölkələrinin bir çoxunda proses bu qaydada aparılır. Əlbəttə, arzu olunan bu tip mərkəzlərin respublikanın bir neçə şəhər və rayonlarında olmasıdır, lakin bunu birdən-birə həyata keçirmək mümkün deyil. Gələcək üçün əsas layihələrdən biri də bu mərkəzlərin ölkənin bir neçə bölgəsində filiallarının yaradılmasından ibarətdir. 

 

Rayon və şəhərlərin reytinq cədvəli müəyyən ediləcək

 

2016-2017-ci tədris ilində üç mərhələdən ibarət olacaq fənn müsabiqələrinin final mərhələsinin 2017-ci ilin may ayında keçirilməsi planlaşdırılır. Fizika, kimya, biologiya, informatika və riyaziyyat üzrə keçiriləcək fənn müsabiqələrində fənlərdən asılı olaraq VI,VII, VIII sinif şagirdləri iştirak edəcəklər. Fənn müsabiqələrinin final mərhələsində hər rayon (şəhər) şagirdlərin sayından asılı olaraq bir və ya bir neçə komanda ilə iştirak edəcək. Hər rayon (şəhər) hər fəndən iki şagird olmaqla 10 nəfərlik komanda ilə təmsil olunacaq. Şagirdlər fərdi olaraq müsabiqədə iştirak edəcək və müsabiqənin final mərhələsinin nəticəsində qaliblər əsasən fərdi olaraq və komanda üzvlərinin nəticələrinin cəminə əsasən müəyyən ediləcək. Bizim iştirak etdiyimiz beynəlxalq olimpiadalarda ölkələrin reytinq cədvəlləri açıqlandığı kimi, müsabiqə nəticələrinə əsasən ölkə üzrə rayon və şəhərlərin reytinq cədvəli müəyyən ediləcəkdir.   Fənn müsabiqələrinin nəticələrinə əsasən fənlər üzrə olimpiadalara hazırlıq sinifləri yaradılacaq, gələn ilin iyun ayında onlarla yay olimpiada məktəbləri təşkil olunacaq və növbəti tədris ilində artıq siniflər fəaliyyətə başlayacaqdır. Fənn müsabiqələrinin birinci mərhələsinin nəticələrinə əsasən rayon (şəhər) yerli təhsili idarəetmə orqanlarının rəhbərliyi tərəfindən həmin rayonu (şəhəri) təmsil edəcək namizəd-şagirdlər seçilməli və onlarla final mərhələyə hazırlıq işləri aparılmalıdır. Bu proses nəticəsində yerlərdə də bir canlanma olacaq və şagirdlərin fənlərə olan marağı daha da artacaqdır. 

Fənn müsabiqələrində orta hesabla 20.000 şagird iştirak edirsə, bu proses sadəcə onlarla məhdudlaşmır. Onların valideynləri, yaxınları, fənn müəllimləri və olimpiadalara marağı olan sinif yoldaşları da həmin suallarla maraqlanacaq, nəticələri izləyəcək. Nəticədə bu işə dolayı yolla qoşulanların sayı iştirak edənlərin sayından 4-5 qat çox olacaqdır. Digər illərdə isə aşağı sinif şagirdlərinin də bu müsabiqələrdə iştirak etməsi üçün dərslərində daha həvəslə çalışmasına və daha çox öyrənməyə maraq göstərməsinə şübhə etmirik. Fənn müsabiqələrində ölkənin bütün ümumtəhsil müəssisələrinin - istər özəl, istərsə də dövlət məktəblərinin şagirdləri iştirak edə bilərlər.

Əlbəttə ki, rayon (şəhər) təhsil şöbələrinin marağında olacaq ki, rayonun ən istedadlılarını həmin müsabiqənin final mərhələsinə göndərsinlər ki, onları layiqincə təmsil edə bilsinlər. Müəyyən edilmiş ilk 10-luğa və ya ilk 20-liyə daxil olan şagirdlərin fənn müəllimlərinə də müxtəlif mükafatlandırmalar nəzərdə tutulmuşdur. Biz bir heyət olaraq bu sahədə çox işlər görmək istəyirik. Respublikanın qabaqcıl müəllimlərinin, təhsil işçilərinin, alim və professorlarımızın da əlbəttə bu işin daha səmərəli qurulması istiqamətində fikir və rəyləri bizim üçün çox vacibdir. Burada başqa bir məsələni də nəzərə çatdırmaq istərdim ki, məqsəd bu şagirdlərin gecə-gündüz sadəcə elmlə məşğul olmaları deyil. Ən əsas hədəfimiz bu uşaqları bir vətəndaş kimi həyata hazır fərdlər kimi, vətənini, xalqını, millətini, bayrağını sevən, milli-mənəvi dəyərlərimizə sadiq şəxsiyyətlər kimi yetişdirməkdir. Onları beynəlxalq olimpiadalarda hansı ölkəni, xalqı, bayrağı təmsil etdiklərini dərindən bilən fərdlər olaraq yetişdirmək istəyirik. Söhbət Azərbaycan dilini bilən, mütaliə qabiliyyəti olan, fikrini sərbəst olaraq çatdıra bilən, tarixini mənimsəyən şagirdlərdən gedir.

 

Olimpiada sinifləri müəllimlər və şagirdlər tərəfindən də yüksək qiymətləndirilir


                 Şəmsi Səfərov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi: - Olimpiada dərslərinin bu cür sistemli və məqsədli şəkildə təşkilinin qısa müddətdə öz müsbət nəticələrini verəcəyinə əminəm. Bu il üçün ən yaxın məqsəd bütün sinfin respublika fənn olimpiadasının final mərhələsinə keçməsi və əksəriyyətinin medal almasıdır. Digər bir məqsəd isə beynəlxalq informatika və riyaziyyat olimpiadalarının (İBMO və EGMO) seçim imtahanlarında uğurlu iştirakdır. Şagirdlərin hamısı bu məqsədlərə nail olmağa iddialıdır.

Abutalıb Namazov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi: - Riyaziyyat üzrə olimpiada sinfinə seçilməyim mənim üçün çox ciddi şans oldu. İndi riyaziyyat fənni bizə xüsusi və dərin proqramla tədris olunur, digər fənlərdən də müəllimlərin daha ciddi tələbkarlığını hiss edirik. Seçmə bir sinifdə olduğumuz üçün hər birimizdə gözəl bir ovqat var, yorulmadan çalışırıq. Nə qədər çox çalışırıqsa, bir o qədər özümüzə inamımız artır, yorulmaq əvəzinə daha da həvəslənirik. 
 

Fuad QARAYEV,

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin ümumi təhsil sektorunun müdiri                                                                                                                                          

Azərbaycan müəllimi


Açar sözlər: ,  ,  ,