09.01.2017

Şagird məktubları əsgərlərə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdlərin əsgərlərə ünvanladıqları məktublar cəbhə bölgələrində xidmət edən əsgərlərə çatdırılıb.

Qeyd edək ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan I-XI sinif şagirdləri könüllülük əsasında əsgərlərə məktub yazıblar.

Layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir.

Şagird məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur.

Xalqımızın birliyinin və hər bir vətəndaşın mübariz ruhunun təcəssümü olan “Əsgərə məktub” layihəsinin davam etdirilməsi nəzərdə tutulur.

 


Açar sözlər: ,