26.01.2017

Paytaxt məktəbliləri üçün ekskursiyalar təşkil edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur.

Layihə Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədlərinə xidmət edir.

Ekskursiya zamanı məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyev Mərkəzi ilə tanış olurlar. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək, müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatların nümayiş etdirildiyini bildirirlər.

Qeyd edək ki, üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə ulu öndərin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olurlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında olduqca maraqlı məlumatlar əldə edirlər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, milli geyim və zərgərlik nümunələri məktəblilərdə böyük təəssürat yaradır.

Ekskursiya zamanı şagirdlərə həmçinin, mərkəzin “Kitabxana və informasiya texnologiyaları” bölməsindəki kitablar haqqında da məlumat verilir.

Paytaxt məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları davam edir.


Açar sözlər: ,  ,