26.01.2017

II İngilis dili Olimpiadası keçiriləcək

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında II İngilis dili Olimpiadası keçiriləcək.

Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını bir daha sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirməkdən ibarətdir.

II İngilis dili Olimpiadası “ADA” Universitetinin təşkilatçılığı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Olimpiadanın fevralın 19-da keçiriləcək ilk turunda şagirdlərin İngilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama bacarıqları yoxlanılacaq. Yüksək nəticə göstərmiş şagirdlər olimpiadanın martın 12-də keçirilməsi nəzərdə tutulan ikinci turunda dinləmə və esse yazma qabiliyyətlərini nümayiş etdirəcəklər.

Olimpiadada iştirak etmək üçün məktəblilər fevralın 14-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

Şagirdlərin qeydiyyatı prosesinə köməklik göstərilməsi üçün ümumi təhsil müəssisələrində koordinator-müəllimlər təyin edilib.

Olimpiadanın qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq və onlara İngilis dili üzrə bilik səviyyələrini artırmaları üçün tədris imkanları yaradılacaq.


Açar sözlər: ,  ,  ,