09.02.2017

Maliyyə savadlılığına dair təlimlər 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.

“Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.

Təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsindən ibarətdir.       

Ümumilikdə 75 müəllim maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərdə iştirak edib.

Layihə çərçivəsində 4 qrup üzrə təşkil edilmiş təlimlərdə “Həyat bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.

“Həyat bilgisi” fənn müəllimləri üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, ibtidai sinif müəllimləri üçün təlimlər isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda təşkil olunub.

Təlimlərin yekununda qiymətləndirmə aparılıb və nəticələrə uyğun olaraq, müəllimlərə sertifikatlar təqdim edilib.

Təhsildə maliyyə savadlılığına dair təlimlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,