03.04.2017

Danışıq Klubları çərçivəsində görüş

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində keçirilən təlimlər ilə bağlı görüş keçirilib.

Görüşdə layihənin koordinatorları və layihəyə cəlb olunan ümumi təhsil məktəblərinin ingilis dili müəllimləri iştirak ediblər.     

Görüşdə 9 sessiyanı əhatə edən təlimlərin keyfiyyət göstəriciləri müzakirə edilib, klubların yaradılması istiqamətində həyata keçiriləcək növbəti mərhələlər haqqında məlumat verilib.

Görüş zamanı klubların dərs müşahidələrinin cədvəlləri, metodiki proqramın hazırlanması, şagirdlərin klublara cəlb olunma metodları, klub fəaliyyətlərinin təşkili ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Bundan başqa, layihə barədə ingilis dili müəllimlərinin təəssürat, rəy və təklifləri dəyərləndirilib, onların müvafiq tələblərə uyğunluğu müzakirə edilib.

İclasda bildirilib ki, layihənin əsas məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.

Layihə koordinatoru aprelin 10-dan start götürəcək layihənin növbəti mərhələsi olan danışıq klublarının müşahidələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, dərs müşahidələrinin sonunda müəllimlərə dəstəkləyici rəy veriləcək, onlara müvafiq dəstək göstəriləcək.

Qeyd edək ki, “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Amerikanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.


Açar sözlər: ,  ,