27.07.2017

Artıq 8 min nəfər imtahan verib

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanda iki gün ərzində 8 minə yaxın şəxs iştirak edib.

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan  daha bir yeniliyə əsasən ötən il  keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak etmək imkanı əldə ediblər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.

İmtahanlar avqustun 5 -dək davam edəcək.

Bu barədə Space TV-nin hazırladığı sujeti təqdim edirik.


 


Açar sözlər: ,  ,