14.09.2017

Bölmə iclasları başa çatıb

Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, fənlər üzrə metodbirləşmə sədrləri, psixoloqlar və uşaq birliyi rəhbərləri üçün təşkil olunan bölmə iclasları yekunlaşıb.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) struktur bölmə rəhbərləri və əməkdaşlarının qatıldığı sonuncu iclaslar sentyabrın 14-də Nəsimi, Binəqədi, Xəzər və Pirallahı rayonları üzrə keçirilib. Bölmə iclaslarına Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.

Bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin, 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır.

Bölmə iclaslarında ötən tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlər, 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə təhsil nazirinin əmri ilə bağlı “Fəaliyyət planı”na uyğun tədbirlərin görülməsi, məktəbin idarəolunması, cari və perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, qiymətləndirmə, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi məsələlərinə toxunulub.

Sonra qeyd edilən məsələlərlə bağlı çıxışlar olub,  müzakirələr aparılıb, rəy və təkliflər irəli sürülüb. 

Qeyd edək ki, bölmə iclasları paytaxtın 12 inzibati rayonu üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edib.

Bölmə iclaslarında səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək BŞTİ-yə təqdim olunacaq. 


Açar sözlər: ,