06.10.2017

Əziz müəllimim...

Sovetlər dönəmində rayonumuz pambıqçılıqla məşğul idi. Yəqin yaşıdlarımın çoxu bilir ki, o zamanlar pambıq yığımında məktəblər bağlanırdı. Hamı səfərbər olub pambıq yığımına gedirdi. Küçədə gördüyünü də milis tutub gətirirdi ki, sovet adamı küçədə bekar gəzməz. Yəni bizi əməyə məcburi, döyə-döyə alışdırırdılar. Təbii ki, daha çox mənəvi döyülüb, əzilirdik. Tarixə baxsaq, biz həm də döyülməsək, oxuyan olmamışıq. Məsələn, Allahın “əy-zəvər ə, bey-zəvər bə”sini öyrədəndə də döyüblər bizi...

 

Həmin illərdə məktəbin sayılıb-seçilən müəllimləri də bizimlə rəhbər kimi pambıq yığımına gedirdi. Bu həm də o zamanlar idi ki, müəllimin bizi evində kamerayla gördüyünə inanır, xüsusi adam olduğuna əmin idik. Bir də ona inanırdıq ki, müəllimlər yemək yeyib, su içmir. Amma adamın bütün düşündüklərini alt-üst edən məqam mütləq var...

 

Yığılmasına icazə verilməyən sahədə pambıq “oğurluğu”na gedən sinif oğlanlarımızın ardınca axtarışdan qayıdan müəllimlərimiz - tarix müəllimi Ömər, çox sevdiyimiz, məktəbimizdə riyaziyyat və informatika dərsi deyən Xalid müəllim qaranəfəs bizə yaxınlaşıb “qızlar su verin” dedilər. Pərən-pərən olduq. Su nədir, nə suyu?!.. Bu, təkcə təəccüb deyildi. Düşündüklərimiz, inandıqlarımız alt-üst olub deyə çaşıb qalmışdıq. Utandığımızdan müəllimə su qabını uzada bilmədik. Eləcə yerini əlimizlə göstərib, sahəyə yüyürdük. Həyatımızda ilk inandığımız sehr beləcə pozuldu. Anladıq ki, müəllimlər də sadəcə insandır. Hər kəs kimi insan. Su içir, yemək yeyirlər, bizim kimidirlər. Onları xüsusi eləyən xarakterləri, savadları, cəmiyyət, dövlət və seçilmiş olmalarıdır. 

 

...İllər keçdi. Xarakterlər, savadlar, cəmiyyət və dövlət quruluşu dəyişdi. Sən də dəyişdin əziz müəllimim... 

 

Dəyişdin o adam oldun ki, haqqında danışılanları o illərin uşağı olduğuma görə sevə bilmədim mən. İndi bəzi şeylərə məhkumluğun da var, məcburiyyətin də. Amma ən sevindiyim şey bu ki, təqvimdə bir günün var.

 

Əslində, ordakı bütün günlər sənindir. Çünki günün olmasını da, tarixləri də, təqvimi də sən qurdun. Sənin öyrədib istedad, savad sahibi etdiyin adamların gördüyü iş elə sənin işindir. Yəni hər şey sənin yaradıcılığının bəhrəsidir bu dünyada. Öyrədə bilmədiyin, mənimsənilməsinə qarşı olduğun yeganə şey pisliklərdir. Bütün növ pisliklər. Bunu ediriksə, təkcə sənə deyil, özümüzə də xəyanət eləmişik demək... 

 

Nə isə olan olub. Sən bizə dair bəzən təəssüf yaşamış olsan da, bizlər həmişə sənə minnət duyduq. Bəlkə də valideynlərdən başqa yeganə adam sənsən ki, üzümüzü istənilən yaş dönəmində sənə çevirəndə gerçəkdən özümüz olmuşuq. Həmin şıltaq, dəcəl, şərə-şur, ədalı uşaqlar. Unutmuşuq ki, həyat hərəmizi bir cür sınayıb, müxtəlif yerlərə qoyub. Sən bizi özümüzə qaytaran və özümüzü xatırladan yeganə simasan o üzdən. 

 

Sənə nə qədər yaxşılıqlar etsək, yenə borcluyuq. Çünki müasir, dünyəvi dediyimiz cəmiyyətdə başına olmazın oyun açılanda, peşənin adına kölgə salınanda ona mane ola bilməmişik lazımi qədər. Sənsə lazımından da artıq, müəllimcəsinə susdun və gözlədin. Gözlədin ki, şagirdlərin, yəni biz hamımız, bütün cəmiyyət ağıllanıb seçmək duyğumuzu emosiyalarımızdan uzaqlaşdırıb, yenə də əvvəllərdə olduğu kimi sənə qarşı ədalətli olacağıq. Yenə də sən udursan deyəsən. Çünki heç nə və heç kim səni göylərdəki zirvəndən endirə bilmədi. Bilirsənmi niyə? Səni daran-dartana salan cəmiyyətin yeganə ümid yerisən. Səndən, MÜƏLLİMdən başqa üz tutacaq yeri yoxdur insanların. Sən ev, bina yox, insan təməlini qoyursan axı... Bunu ən yaxşı valideyn, məmur, iş adamı da bacarmır. Bu, yaradanın sənə həvalə etdiyi işdir. 

 

Bir də sənə dair cəmiyyət olaraq tələbim var özümüzdən. Gəlin bu ucalığın - MÜƏLLİM zirvəsinin qədrini bilək. Pəncərə sexinin müdirinə, MİS rəhbərinə, mağaza sahibinə, partiya sədrinə, gözəllik salonu işlədən kiçik sahibkara, “bazarkom” Xəlil kişiyə, sahə müvəkkili olan polis kapitanına müəllim deməyək. Çünki sadaladığım bütün peşələrdən, vəzifələrdən üstündür müəllimlik. Və MÜƏLLİMi olmasa onların heç biri olduqları yerdə ola bilməzdilər. 

 

Hə, bir də SİZ yox, SƏN müraciətimi halal elə. Çünki sizli-bizli danışmaq istəmədim. Təkcə müəllim-şagird yox, dərd ortağı, həmsöhbət, ailə üzvü olaq istədim. 

 

Sənə təqvimdə rəsmi olaraq bir gün verilib dedim yuxarıda. Amma əmin ol, qalan 364 günün bir saatı belə sənsiz olmaz. Bizdən həmişə və hər yerdə muğayat ol! Lap sənin qədrini lazımınca bilməsək də, bunu bizim cahilliyimizə, özünün böyüklüyünə bağışla! Bayramın mübarək ƏZİZ MÜƏLLİMim!...

 

Jalə MÜTƏLLİMOVA


Açar sözlər: ,