06.10.2017

Müəllimliyə iki baxış

Kəndə təyinat və uşaqlıqdakı MÜƏLLİMlik arzusu…

 

5 oktyabr onların günüdür, MÜƏLLİMlərin. Bizə təkcə konkret bilikləri yox, insan, vətəndaş, mütəxəssis, savadlı, vicdanlı, ədalətli olmağı öyrədənlərin. Əvvəllər az qala mif idi müəllimlər. Elə bilirdik nə su içir, nə yemək yeyirlər. İllər keçdi. Biz böyüdük. Öyrəndik ki, əslində, onlar da hamı kimidir. Cəmi bir özəl fərqləri var. O da insan yetişdirmək kimi məsuliyyətli peşə sahibi olmalarıdır. Peşəmi bu insanları seçir, onlarmı peşəni, bu da maraqlı olduğu qədər dolaşıq məsələdir. Əsas olanı budur ki, belə bir peşə var: MÜƏLLİM... Və sən bilmədiklərini öyrənmək üçün ancaq ona üz tutanda rahat olursan. Əminsən, mütləq sənin bilmədiyini biləndir o!..


***

 

Müəllim peşəsinə dair hərdən suallar yaranır. Görəsən, bu qədər çətin və məsuliyyətli peşəni niyə seçiblər?! 

 

Bu və digər suallara cavab almaq üçün bir ünvan seçdik. Bakı şəhərindəki 95 nömrəli tam orta məktəbə yollandıq. Məktəbin iki müəllimi ilə görüşdük. Aysel Alıcanova və Sona Abbasova. Həm də seçimi elə etdik ki, suallara yaşlı və yeni nəsil müəllimlərin cavabını təqdim edə bilək. Yəni onların sevib seçdikləri müəllim peşəsi haqda dedikləri nəsillərin baxışı da sayıla bilər bu üzdən.

 

Məktəb-məktəb oyunu

 

Aysel Alıcanova “Sağlam təhsil-sağlam millət” sinfində dərslər aparır. Yaşlı və gənc həmkarlarından demək olar ki, hər kəs onu gələcəyin ən yaxşılarından biri kimi görür. Bəs necə və niyə müəllim?...Ona ilk sualımız bu oldu:

- Yəqin ki, həyatın əvvəldən cizdiyi yoldur. 

 

- Bəzən gələcək yolun seçimində valideynlər iştirak edir. Sizdə necə olub bu proses? 

- Məndə müstəqil qərar olub deyə bilərəm. Müəllimlik həm də uşaqlıq arzusudur. Yox, daha doğrusu, uşaqlıq oyunu. Əvvəlcə gəlinciklərlə, sonra yaşıdlarımla oynayanda onlara dərs keçirdim. Məktəb-məktəb oynayırdıq. Sevimli oyunum idi. Sonradan anladım ki, bu, təkcə uşaqlıq arzusu, həvəsi deyil. Həm də mənim bir ömür yolunda yürüməyə can atdığım sevimli peşəmdir. Həyatdakı yoluma çıxmaq üçün ilk məşqlərim imiş o oyunlar. Beləcə, müəllim olmağı qərara aldım. Ali məktəbi bitirdikdən sona iki il Yasamal rayonu 38 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışdım. 2017-ci ildə müəllimlərin yerdəyişməsi müsabiqəsinə qatıldım. Ondan sonra təyinatım 95 nömrəli məktəbə oldu. 

 

- Çox gəncsiniz, ixtisas dəyişməyə dair müxtəlif təkliflər ala bilərsiniz, bəlkə o sahələr daha gəlirli və əlverişli olar. Maraqlıdır, o peşələrmi qalib gələr, yoxsa uşaqlıq “oyununuz”, yəni müəllimlik istəyi?

- Mənim hədəfim bu peşənin zirvəsinə qədər qalxmaq üçün özümü sınamaqdır. İnanmıram ki, başqa istəyim ola. Başqa təklifə görə hədəfimi dəyişmərəm. 

 

- Müəllim kimdir sizcə? Necə olmalıdır müəllim? 

- Bizim peşə təkcə uşaq sevgisi ilə bitmir, savadlı olmalısan. Müəllimlik bununla da bitmir, mütləq tələbkar və ötkəm olmağı bacarmalısan. Bu da son deyil, şərtdir ki, uşaqlarla ünsiyyət qurmaq bacarığın olsun. Müəllim olmaq üçün mütləq yaxşı insan olmağı öyrənməlisən. Müəllim vətənpərvər olmalıdır. Həmçinin ölkəsini, dövlətini sevməyi bacarmalıdır. Ən başlıcası, uşaqları sevməyə böyük ürəyi olmalıdır. Bunlar bir günə başa gəlmir. Bunu müəllimin özünə illər, peşəsinə olan sevgisi aşılayır. 

 

***

Kənd məktəbinin bakılı rus dili müəllimi...

 

Həmişə böyük sözünə və təcrübəsinə ehtiyacımız var. O üzdən növbəti müsahibimiz rus dili müəllimi Sona Abbasovadır. Onun 40 ildən çox pedaqoji stajı var. Sona müəllim 95 nömrəli tam orta məktəbdə 1984-cü ildən çalışır. Ancaq birinci iş yeri bura olmayıb. 

 

- Bəs harada başlamısınız pedaqoji fəaliyyətə? 

- İlk dəfə girdiyim sinif kənd məktəbi idi. Sabirabad rayonunun Uralcalı kənd məktəbində dərs demişəm. 

 

- Əslən oralı olduğunuza görəmi? 

- Yox, Bakıda doğulub böyümüşəm. Sadəcə, təyinatım ora verildi. 

 

- 70-ci illər, Bakıda böyümüş, zərif bir qız, həm də rusdilli... Ailəniz rayona göndərilməyinizə etiraz etmədimi? 

- Yox, qətiyyən etmədilər. Atama bildirdim ki, öz istəyimdir, gedirəm. O da razılaşdı. Amma bir məsələ var idi. Mən ali məktəbdə yaxşı tələbələrdən idim. Müəllim kimi institutda saxlamaq istəyirdilər. Hətta rektor atamı çağırıb dedi ki, belə fikri var. Atam ona da etiraz etmədi, amma seçimi mənə buraxdı. Mən kənd məktəbini seçdim.

 

- Niyə məhz ora? 

- Deyim sizə. Ümumiyyətlə, istəyir qız olsun, istəyir oğlan, evdən kənarda müstəqil yaşamağı da, formalaşmağı da öryənməlidir adam. O balaca kənd məktəbi mənim üçün son dərəcə maraqlı idi. Mən orda fərqli insanlar görürdüm. Eyni zamanda ixtisasımın incəliklərinə dair çoxlu bilmədiyim şeyi özüm araşdıra, işləyə, öyrənə bilirdim. 

 

- Peşəkar müəllim kimdir, necə olmalıdır?

- Təkcə müəllim yox, ümumiyyətlə, ən müxtəlif sahələrdə insanın peşəkar olub-olmadığını bircə duyğusuna diqqət edib müəyyənləşdirmək mümkündür. Əgər sən hər gün “görəsən, bu gün işimi bacaracağammı?!” sualını özünə verib, narahat olmursansa, həyəcan keçirmirsənsə, deməli, peşəkarlıqdan söhbət gedə bilməz. 

 

***

İndi kadr təyinatlarının Bakıya verilməsi üstündə az qala üsyan edənlərə maraqlı nümunədir Sona müəllim. Həm peşəkar, həm insan olaraq. Yəni məqsəd işləməkdirsə, buna hər yerdə şərait var. Bir qalır o ki, mütəxəssis olaraq sən özün bunu etməyə mənəvi və psixoloji cəhətdən nə qədər hazırsan. Daha dəqiqi, nə qədər peşəkarsan?!.. Nə deyək, arzulayaq ki, hər keçən gün bütün sahələrdə peşəkarların sayı durmadan artsın. Bu, təkcə fərdi yox, həm də dövlət maraqlarımız baxımından lazımdır. Və bir də müəllimi güclü olan cəmiyyətin təməli də, vətəndaşı da güclü olar. O üzdən sizə peşənizdə uğurlu və güclü olmağı diləyirik, əziz müəllimlər!..

 

Jalə MÜTƏLLİMOVA

 


Açar sözlər: