27.10.2017

Məktəbdə kitab təqdimatı

“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 249 nömrəli tam orta məktəbdə təşkil olunub. 

Tədbirdə millət vəkili Aydın Mirzəzadə, BŞTİ-nin sektor müdiri Afiq Əzizov, məktəb direktoru Nizami Bayramov, müəllim, şagird və media nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində millət vəkili Aydın Mirzəzadə və digər qonaqlar əvvəlcə ermənilər tərəfindən bu il iyulun 4-də vəhşicəsinə öldürülən Zəhra Quliyeva ilə bağlı çəkdiyi rəsmi “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabında yerləşdirilən Nəsibə Seyidovanın təhsil aldığı V sinifdə olub. Millət vəkili şagirdlərin dərsləri ilə maraqlanıb, eyni zamanda ermənilərin törətdiyi vəhşiliklərdən, Azərbaycan xalqının vətənpərvərliyindən danışıb.

Sonra tədbir məktəbin akt zalında davam etdirilib. Tədbirdə tərtibçisi millət vəkili Aydın Mirzəzadə olan “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabı haqqında məlumat verilib. A. Mirzəzadə bildirib ki, kitabın nəşrində məqsəd Zəhranın ermənilər tərəfindən öldürülməsi faktını tarixə salmaq və bunu gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Millət vəkili ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən, torpaqlarımızın 20 faizinin işğal altında olmasından, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində qalmasından da bəhs edib.

A. Mirzəzadə, həmçinin, məlumat verib ki, 249 nömrəli tam orta məktəbin şagirdi Nəsibə Seyidovanın sosial şəbəkələrdə paylaşdığı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsinə dair rəsm diqqətini çəkib. Həmin rəsm “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabında yerləşdirilib.

Tədbirin sonunda kitabın 1 nüsxəsi Nəsibə Seyidovaya təqdim edilib.