03.11.2017

Məktəblilər üçün ekskursiyalar

Paytaxt məktəblilərinin müxtəlif tarixi abidələrə, mədəniyyət və incəsənət ocaqlarına, eləcə də istehsalat müəssisələrinə ekskursiyaları təşkil edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin muzey, ali təhsil ocaqları və istehsalat müəssisələrinə səfərləri həyata keçirilir.

Ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

Məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumat verilir. Zavod və fabriklərə ekskursiyalar zamanı şagirdlər istehsalat prosesi ilə tanış olurlar. Həmçinin, ali təhsil müəssisələrinin müəllim və tələbələri ilə məktəblilərin görüşləri keçirilir, tədris prosesi haqqında onlara məlumat verilir.

Bakı məktəbliləri üçün ekskursiyaların 2017-2018-ci tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.