17.11.2017

Gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələri keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələri keçiriləcək.

Müsabiqələrin keçirilməsində əsas məqsəd məktəblilərin fizika  və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı  şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

Müsabiqələr 3 mərhələdə IX, X, XI sinif şagirdləri arasında keçiriləcək. Hər iki müsabiqənin I mərhələsi 21-30 noyabr tarixlərində təhsil müəssisələrində təşkil olunacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsi 1-2 dekabr, gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin II mərhələsi isə 4-5 dekabr tarixlərində olacaq. II mərhələdə hər rayon üzrə I yeri qazanmış qalib komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. III mərhələ isə hər iki müsabiqə üzrə 6-11 dekabr tarixlərində baş tutacaq. Bakı şəhəri üzrə final mərhələsində (III mərhələdə) hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Komandalar 3 nəfərdən (IX  sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) ibarət təşkil olunmalıdır.

Müsabiqələrin əsasnaməIərinə əsasən, I və II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı 1 təcrübə işini yerinə yetirməlidirlər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ və təcrübə işi  5 balla  müəyyənləşdiriləcək. Ən çox bal toplayan komanda qalib sayılacaq.

Qaliblər Ekspert Qrupu tərəfindən müəyyənləşdiriləcək. 


 

“Gənc  fiziklərin  yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Gənc  kimyaçıların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri