27.11.2017

İstedadlı şagirdlərlə işin təşkili

Müəllimlərlə şagirdlərin respublika fənn olimpiadaları münsiflər heyətinin üzvləri və beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşü təşkil edilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 178 nömrəli tam orta məktəb tərəfindən təşkil olunan tədbir Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənən “İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili” layihəsi çərçivəsində keçirilib.

Görüşdə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, BŞTİ-nin İnkişaf layihələri sektorunun əməkdaşı Namiq Ağayev, 178 nömrəli tam orta məktəbin direktoru Nasim Abışov, həmçinin, Nərimanov rayonu üzrə digər ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllim, şagird, respublika  fənn olimpiadaları  münsiflər  heyətinin üzvləri və beynəlxalq fənn olimpiadalarının qalibləri iştirak edib. 

Tədbirdə fənn olimpiadaları qaliblərinin yarışlara hazırlığı, onların olimpiadalarda iştirak təcrübəsi, qalibiyyət üçün lazım olan keyfiyyətlər, həmçinin, müəllimlər arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib. Müəllimlərə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onlarla səmərəli işin təşkilinə dair müvafiq metodiki göstərişlər verilib.

Qeyd edək ki, “İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili” layihəsinin məqsədi istadadlı məktəblilərin aşağı siniflərdən müəyyənləşdirilməsi və onların potensial imkanlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

Layihə çərçivəsində Nərimanov rayonu üzrə ümumi təhsil məktəblərinin VII sinif şagirdləri riyaziyyat və məntiq dərslərinə cəlb olunub. Dərslər həftədə azı bir dəfə dinlənilir. Bu dinləmələrdə fənn müəllimləri və respublika fənn olimpiadaları münsiflər heyətinin üzvləri   iştirak edir.

Layihənin sonunda məktəblilərin bilik və bacarıqları yenidən qiymətləndiriləcək və onlar mükafatlandırılacaq. Ən yüksək nəticə göstərmiş şagirdlərin elektron məlumat bazası yaradılacaq. Məktəblilər üçün riyaziyyat və məntiq fənləri üzrə xüsusi proqram və metodiki materiallar hazırlanacaq. 


Açar sözlər: ,  ,  ,