11.12.2017

Növbəti intellektual qarşılaşma 

Paytaxt məktəblilərindən ibarət komandalar arasında növbəti intellektual yarışma təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 144 və 283 nömrəli tam orta məktəb, 246 və 276 nömrəli məktəb-liseylərin komandaları “Hazırcavablar” intellektual oyununda yarışıb.  Məktəblilər “Dil və ədəbiyyat”, “Coğrafiya”, “Biologiya”, “İlk dəfə” və “İdman” bölmələri üzrə sualları cavablandırıb. 

İntellektual oyunun nəticələrinə əsasən, 144 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

“Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

 


 


Açar sözlər: ,  ,