28.12.2017

Beş struktur bölmənin hesabatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) başa çatmaqda olan 2017-ci ildə görülmüş işlərə dair hesabatlar dinlənilib.

İclasda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüş zamanı “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi və uğurların qazanılması məqsədilə həyata keçirilən işlərə dair BŞTİ-nin İnformasiya təminatı, Ümumi təhsil, İnkişaf layihələri, Məktəbdənkənar fəaliyyətin təşkili sektorları müdirlərinin və Təlimə Dəstək Mərkəzi direktorunun hesabatları dinlənilib.

Hesabat verən struktur bölmə rəhbərləri tədrisin təşkili, idarəetmə, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbdənkənar fəaliyyətin təşkili, fənn metodbirləşmələrinin fəaliyyəti, layihələr və digər məsələlər barədə il ərzində həyata keçirilən işlərə dair hesabat-məruzəsi ilə çıxış ediblər.

Görüşdə qarşıdan gələn yeni ildə təhsil sahəsində aparılacaq islahatlardan, həmçinin qarşıda duran vəzifələrin icrası istiqamətində görüləcək işlərdən də danışılıb.

Məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetməsi məsələləri ətrafında müzakirələr aparılıb. 

İdarə müdiri M.Vəliyeva qarşıdan gələn yeni ilin daha uğurlu olacağına inamını ifadə edib. Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu xatırladıb.

Sonda idarə müdiri qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, idarənin digər struktur bölmələri üzrə hesabatların dinlənilməsi davam etdiriləcək.