12.01.2018

Coğrafiyanın tədrisində ilk

Fənnin yeni üsulla tədrisi bilik və bacarıqları artırmaqla yanaşı, şagirdlərin  müvafiq sahələrə marağını da yüksəldib

 

Azərbaycanda ilk dəfə olaraq, coğrafiya fənninin tədrisi zamanı Coğrafi İnformasiya Sistemlərindən (CİS) istifadə olunub. Bu üsul Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 78 nömrəli tam orta məktəbin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə dəstəklənən layihəsi çərçivəsində tətbiq edilib. “Ümumi təhsil məktəblərində coğrafiya fənninin Coğrafi İnformasiya Sistemləri (CİS) ilə tədrisi” adlı layihə sentyabrın 22-dən dekabrın 22-dək icra olunub. Layihənin məqsədi ümumi təhsil məktəblərində coğrafiya fənninin tədrisi zamanı şagirdlərə CİS texnologiyalarını öyrətmək, fənnin praktiki olaraq mənimsənilməsini təmin etməkdən ibarətdir. 

 

CİS-in üstünlükləri

 

Bir sıra ölkələrdə coğrafiya fənninin daha yüksək səviyyədə tədrisi CİS-dən istifadə ilə aparılır. CİS ilk dəfə 1960-cı illərdə Kanadada tətbiq edilib. 1990-cı illərədək aparılan araşdırmalar nəticəsində bu texnologiyanın analiz və sintez xüsusiyyətlərinin üstünlükləri müəyyən olunub. 1991-ci ildən CİS-in Amerika Birləşmiş Ştatlarının ümumi təhsil məktəblərində fənn kimi tədrisinə başlanılıb. Hazırda isə CİS bir çox ölkələrdə tədris prosesində tətbiq edilir. Həmin ölkələrdə coğrafiya dərslərində CİS-i tətbiq etmək üçün fərqli üsul və yanaşmalardan istifadə olunur. 

Təbiətin, kosmosun və müxtəlif məkan xüsusiyyətlərinə malik ərazilərin öyrənilməsi üçün CİS əsas effektiv vasitədir. CİS-in faydalı cəhətlərindən biri ondan ibarətdir ki, coğrafiya fənninin tədrisi zamanı öyrənilən biliklərlə bağlı görüntüləri şagird kompüter ekranında görür, lazımi dəyişikliklər edir, mahiyyətini anlayaraq informasiyanı mənimsəyir. 

 

Məktəblilər üçün təlimlər

 

78 nömrəli tam orta məktəbdə “Ümümi təhsil məktəblərində coğrafiya fənninin Coğrafi İnformasiya Sistemləri (CİS) ilə tədrisi” layihəsi ilə əlaqədar əvvəlcə VIII-IX siniflər üzrə imtahan keçirilib. İmtahanda yüksək nəticə əldə edən 20 şagird 1 ay müddətində təlimlərə cəlb olunub. Təlimlər zamanı məktəblilərə CİS-in mahiyyəti, istifadə imkanları, eləcə də ekologiya, şəhərsalma, geodeziya, geologiya, planlaşdırma, CİS mühəndisliyi kimi sahələrin coğrafiya fənni ilə bağlılığı barədə məlumat verilib. Onlara coğrafiya fənnindən seçilmiş mövzular CİS proqram təminatları vasitəsi ilə praktiki olaraq tədris edilib. Şagirdlər kompüterdə tapşırıqları yerinə yetirib, bir sıra təqdiqatları müşahidə etmək imkanı qazanıblar. Həmçinin, CİS-in proqram təminatlarından olan ArcGis-in köməyi ilə müxtəlif məzmunlu coğrafi xəritələr hazırlayıblar. Eyni zamanda, xəritələr üzərində analiz aparmaq bacarıqlarına yiyələniblər.

Təlimlərin sonunda şagirdlər üçün yenidən imtahan və anket sorğusu keçirilib. Nəticələr onların biliklərində əsaslı irəliləyiş olduğunu göstərib. İmtahanda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb. Təlimin bütün iştirakçılarına isə sertifikatlar təqdim edilib. 

 

Yenilik tələbat yaradıb

 

“Ümumi təhsil məktəblərində coğrafiya fənninin Coğrafi İnformasiya Sistemləri (CİS) ilə tədrisi” layihəsinin həyata keçirilməsi nəticəsində məktəblilərin bu texnologiya haqqında məlumatları dərinləşib, bilik və bacarıqları artıb, onların CİS-in tətbiq olunduğu sahələrə marağı yüksəlib. 

Təlimlərin nəticələrinə əsasən deyə bilərik ki, bu cür innovativ dərslərin daha uzun müddət keçirilməsinə ehtiyac var. Həmçinin, CİS-in proqram təminatlarından bir alət kimi coğrafiya dərslərində istifadə edilməsi tədrisin keyfiyyətinə, şagirdlərin bu fənnə marağının və nəticələrin artmasına müsbət təsir göstərə bilər. 

 

Murad ZEYNALOV,

78 nömrəli tam orta məktəbin direktoru 

 

“Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: ,  ,  ,