23.02.2018

Məktəbəhazırlıq qruplarındakı uşaqlar I sinfə avtomatik qeydiyyatdan keçib

2018-2019-cu dərs ili üçün Bakı şəhərindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesində məktəbəhazırlıq qruplarına getməyən uşaqların valideynləri fəal olmalıdırlar.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri isə rahat ola bilərlər. Həmin valideynlərin məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur. Belə ki, məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir.

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edir. Paytaxtda www.mektebeqebul.edu.az elektron sistemi dünən işə düşən an məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb.

Sistem tərəfindən avtomatik sorğu yerləşdirildiyi üçün həmin valideynlər, növbəti mərhələdə şəxsi kabinetdən ərizəni çap edib, digər müvafiq sənədlərlə birgə məktəbə təqdim etməlidir.

Yalnız valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbi və ya müəllimi dəyişmək istəyərsə, şəxsi kabinetə daxil olaraq, yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.

Həmçinin, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri sadəcə, I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməli olduqlarını unutmasınlar. Müvafiq sənədlər iyunun 20-dək məktəbə təqdim olunmalıdır.

Bütün bunlar haqqında http://edu.gov.az/az/page/522​ keçidindən əlavə məlumat ala bilərsiniz.

Bunlar barədə AZTV-nin "Səhər" musiqi-informasiya proqramında geniş məlumat verilib.