26.02.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib

Fevralın 24-də Bakıda “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib.

Paytaxtdakı 211 və 240 nömrəli tam orta məktəblərdə keçirilən şəhər mərhələsində Bakı şəhərinin 12 inzibati rayonu üzrə ümumi təhsil məktəblərindən 219 şagird iştirak edib. Onlardan 124-ü X-XI,  95-i isə VIII-IX sinif şagirdləri olub.

Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə 12 açıq sual verilib. Bundan əlavə, müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar.

Müsabiqənin şəhər mərhələsinin qalibləri müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Ölkə mərhələsində şagirdlər onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək.

Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq. 

Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi  gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir. 


Açar sözlər: ,  ,