12.03.2018

Növbəti intellektual qarşılaşmanın nəticələri

Paytaxt məktəblilərindən ibarət komandalar arasında növbəti  intellektual oyun təşkil edilib.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 65 nömrəli tam orta məktəbin, 83, 264 və 304 nömrəli məktəb-liseylərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Dil və ədəbiyyat”, “Biologiya”, “Hansı?”, “Coğrafiya” və “Təsviri incəsənət” bölmələri üzrə sualları cavablandırıb. 

İntellektual oyunun nəticələrinə əsasən, 304 nömrəli məktəb-liseyin komandası qalib gəlib.

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

“Hazırcavablar” intellektual teleoyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.