03.05.2018

Müsabiqənin II mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinin  II mərhələsi keçirilib.

Müsabiqə Nərimanov rayonu üzrə 57, Nəsimi rayonu üzrə 46, Səbail rayonu üzrə 49, Xətai rayonu üzrə 249, Qaradağ rayonu üzrə 233, Nizami rayonu üzrə 229, Xəzər rayonu üzrə 156, Yasamal rayonu üzrə 158, Suraxanı rayonu üzrə 270, Sabunçu rayonu üzrə 128 nömrəli tam orta məktəblərdə, Binəqədi rayonu üzrə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, Pirallahı rayonu üzrə isə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutub.

Müsabiqənin II mərhələsində 12 rayon üzrə, 276 komanda iştirak edib.

Komandalar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni həll ediblər.

Hər bir test sualının doğru cavabı 1, məsələ isə 5 balla qiymətləndiriləcək.

II mərhələdə hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə qazanacaq. Final mərhələsində (III mərhələdə) hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Qeyd edək ki, məktəblilərin biologiya elminə  olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X və XI sinif şagirdləri iştirak edir.


Açar sözlər: ,