08.05.2018

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni şans

Xüsusi qayğıya ehtiyacı olan uşaqların I sinfə qəbulunun elektron qaydada həyata keçirilməsinə start verilib.

Belə ki, Bakı şəhəri 11 nömrəli İnteqrasiya təlimli internat məktəb, Bakı şəhəri 8 nömrəli Sanatoriya tipli internat məktəb, Bakı şəhəri 10 nömrəli Sanatoriya tipli internat məktəb, Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhəri internat tipli gimnaziya və Gəncə şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyada I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə 23 aprel 2018-ci il tarixdən həyata keçirilir. Yəni valideyn övladı üçün elektron şəkildə bu məktəblərdən birini seçərək, sorğu yerləşdirə bilər. Sorğu yerləşdirildikdən sonra Şəxsi kabinetdə hər bir məktəbin təlimatına uyğun bildiriş öz əksini tapır.              

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərinə (Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəb, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəb, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəb) qəbul təlimata əsasən digər sənədlərlə birlikdə Təhsil Nazirliyinin göndərişi əsasında aparılır. Həmin göndərişlərə əsasən uşağın qeydiyyatı və məktəbə sorğusu sistemə admin tərəfindən yerləşdirilir.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən valideynlər Bakı şəhəri 11 nömrəli inteqrasiya təlimli internat məktəbi üzrə 130 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzinə, Bakı şəhəri 8 və 10 nömrəli sanatoriya tipli internat məktəbləri üzrə isə 78 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların I sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi uşaqların bərabər təhsil almalarına şərait yaratmaq, dövlət himayəsində olan uşaqların sosial müdafiəsini gücləndirmək, müvafiq klassifikasiyaya uyğun olaraq bütün müvafiq kateqoriyadan olan uşaqları təhsilə cəlb etmək məqsədlərinə xidmət edir.


Açar sözlər: ,