11.05.2018

"Şahin" hərbi-idman oyununun final yarışı keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində respublika üzrə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş “Şahin” hərbi-idman oyunlarının final yarışı keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndərin  ordu quruculuğu sahəsində fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və   məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində  əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmilər “Şahin” hərbi-idman oyununun şagirdlərin hərbi xidmətə hazırlanmasında rolunu qeyd ediblər.

Yarışlara “Sıra hazırlığı” mərhələsi ilə start verilib. Oyunun əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirilib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət yaradılmış Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirilib.

Maraqlı mübarizə şəraitində keçən final yarışında Sumqayıt şəhər komandası I yerə, Yasamal rayon komandası II yerə, Quba rayon komandası isə III yerə layiq görülüb. Yarışda ayrı-ayrı mərhələlər üzrə fərqlənən komandalar və komanda üzvləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 

Yarışlar  Təhsil NazirliyiGənclər və İdman NazirliyiMüdafiə NazirliyiFövqəladə Hallar Nazirliyi,  Mədəniyyət Nazirliyi,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilib.