26.05.2018

III Məntiq olimpiadanın final mərhələsi keçirilib

Mayın 26-da Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının final mərhələsi keçirilib.

Final mərhələsində ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsi üzrə 1 144  məktəbli iştirak edib.

V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının ilk turunda olduğu kimi, final mərhələsində də şagirdlərə 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt verilib.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.       

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilib.

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.