01.02.2019

90 yaşlı məktəbin yubileyi qeyd olunub

Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunmuş tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Nərgiz Səfərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri ictimaiyyət nümayəndələri, məktəbin məzunları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

“Uğurlu gələcəyin təməli” adlı tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Bakı şəhəri M.Rahim 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova qonaqlara 90 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan və bu müddət ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb. Direktor qeyd edib ki, 7 nömrəli tam orta məktəb 1928-ci ildə ibtidai-orta məktəb kimi fəaliyyətə başlayıb.

K.Həsənova məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Nərgiz Səfərova ilk olaraq məktəb kollektivini 90 illik yubiley münasibəti ilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

N.Səfərova paytaxtın təhsil həyatında özünəməxsus ənənələri ilə fərqlənən məktəbin tədris nailiyyətlərinin son illərdə xüsusilə yaxşılaşdığını, məzunların ali məktəblərə qəbul göstəricilərinin xeyli yüksəldiyini söyləyib.  

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail rayon komitəsinin sədri Mükafat Abbasov, əməkdar artist Gövhər Həsənzadə, məktəbin əvvəlki direktoru Bəhram Əliyev, əməkdar artist Fərqanə Qasımova və başqaları paytaxtın ümumi təhsil müəssisələrində tətbiq olunan yeniliklərdən, təhsil sahəsində aparılan islahatlardan və perspektiv məsələlərdən bəhs ediblər. Ölkə Prezidenti İlham Əliyevin  təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da  möhkəmlənməsilə nəticələndiyini bildiriblər.

Tədbirdə 7 nömrəli tam orta məktəbin məzunu olmuş Milli Məclisin sədri Oktay Əsədovun 90 illik yubileylə əlaqədar məktəbə ünvanladığı təbrik məktubu oxunub.

Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirdə məktəbin 90 illik tarixini özündə təcəssüm etdirən qısa filmlər, təbriklərdən ibarət videoçarxlar nümayiş olunub.

Daha sonra illər öncə məktəbi bitirən məzunlara, məktəbin pedaqoji kollektivinin üzvlərinə və fəal şagirdlərə səmərəli fəaliyyətlərinə görə məktəb rəhbərliyi adından təşəkkürnamə və mükafatlar təqdim olunub.

Sonda qonaqlar xatirə kitabına ürək sözlərini qeyd ediblər.