27.05.2019

Olimpiadanın final mərhələsi keçirilib

Mayın 25-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsi keçirilib.

Məktəb-Lisey Kompleksində mərkəzləşdirilmiş qaydada təşkil edilən olimpiadanın final mərhələsində Bakı şəhərinin ümumi təhsil məktəbləri üzrə 1 500-dən çox məktəbli iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri (BŞTİ) Rəşad Tağıyev Məntiq Olimpiadasının final mərhələsinin gedişini izləyib.

V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının final mərhələsində şagirdlərə bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt verilib.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.