24.10.2013

Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın 28.08.2013-cü il tarixində imzaladığı 228 - 1 nömrəli əmrinə müvafiq olaraq təhsil işçilərinin 2013-cü il sentyabr konfransının plenar iclası 10 sentyabr tarixində saat 11:00-da  Hyatt  Regency  otelinin  Quba zalında keçiriləcək. Plenar iclasda məktəb  direktorlarının,  seçmə  yolla  direktor  müavinləri və  qabaqcıl  müəllimlərin,  eləcə  də “Ən  yaxşı  müəllim” müsabiqəsi qaliblərinin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş  məzunların, habelə aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Əmrə müvafiq olaraq sentyabr konfransının bütün fənlər üzrə metodik bölmə iclasları 11 sentyabr 2013-cü il tarixində saat 10:00-da 3, 102, 106, 288, 237, 164, 44, 210, 61, 74, 258, 285, 95, 20, 189 saylı məktəblərdə, məktəb  direktorlarının bölmə iclası 11 sentyabr  2013-cü  il tarixində saat 10:00 - da 1 saylı tam orta məktəbdə, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin bölmə iclası saat 10:00 - da  276 saylı  tam  orta  məktəbdə, tərbiyə işləri üzrə direktor müavinlərinin bölmə iclası 11 sentyabr  2013-cü  il  tarixində  saat 10:00-da  248  saylı  tam orta   məktəbdə  keçiriləcək.

Bölmə iclaslarında ölkədə aparılan təhsil islahatları ilə əlaqədar qazanılmış uğurlar, qarşıya çıxan çətinliklər, fənn kurikulumları və şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqi, məktəbəhazırlıq qruplarında işin təşkili, hər bir fənn üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris proqramları və dərsliklərin səviyyəsi, metodik xidmətin effektiv təşkili, idarəetmənin demokratikləşdirilməsi kimi məsələlər müzakirə edilərək əməli təkliflər hazırlanacaq.