12.12.2013

Fənn olimpiadalarının şəhər mərhələsinin I turu

Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin I turu keçiriləcəkdir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə təhsilə və biliklərə yiyələnməyə marağı artırmaqdır.

Şəhər mərhələsində 15 noyabr tarixində Bakı şəhərinin məktəblərində keçirilən “Bilik yarışı”nın qalibləri iştirak edəcəkdir. Fənn olimpiadalarının şəhər mərhələsinin I turu VII – XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, coğrafiya, xarici dil, fizika, kimya və informatika fənləri üzrə təşkil ediləcəkdir.

 “Məktəblilərin fənn olimpiadaları haqqında qaydalar”a uyğun olaraq Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin I turunun keçirilməsi barədə müvafiq əmr verilmiş və yarışın yüksək səviyyədə keçirilməsini təşkil etmək üçün Təşkilat Komitəsi yaradılmışdır.

Qeyd edək ki, “Bilik yarışı” dekabrın 15 - i saat 10:00 - da Yasamal rayonu üzrə 20, Nəsimi rayonu üzrə 152, Nizami rayonu üzrə 220, Suraxanı rayonu üzrə 114, Sabunçu rayonu üzrə 96, Səbail rayonu üzrə 160, Nərimanov rayonu üzrə 258, Xəzər rayonu üzrə 181, Binəqədi rayonu üzrə 3 və 276, Qaradağ rayonu üzrə 139, Xətai rayonu üzrə 95 və 138, Pirallahı rayonu üzrə 235 saylı məktəblərdə keçiriləcəkdir.

Bilik yarışına mobil telefon, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vəsaitlər gətirmək qəti qadağandır. Əks təqdirdə şagirdlər yarışa buraxılmayacaqlar.