21.04.2014

Biologiya kabinetinin açılışı

Aprelin 18 - də Bakı şəhərindəki 233 saylı orta məktəbdə biologiya fənni üzrə laboratoriyanın açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Dövlət Neft Şirkətinin nümayəndələri, “Schlumberger” şirkətinin təmsilçiləri, o cümlədən müəllim və valideynlər iştirak ediblər.

Qeyd edək ki, 233 saylı məktəbin biologiya müəllimi 2012 - ci ildə “Schlumberger” şirkətinin SEED Beynəlxalq Təhsil Proqramının qrantını almaq üçün müsabiqəyə qoşulmuş və qalib gəlmişdir. Müsabiqənin şərtlərinə uyğun olaraq qalib gələn məktəbə müasir tipli biologiya laboratoriyası (kabineti) hədiyyə olunur. (Arximed Rəqəmsal laboratoriyası, «Biologiya üzrə təcrübələr»)

Müsabiqənin iştirakçısı və qalibi məktəbin biologiya müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun dissertantı Musayeva Samirə Mirsədir qızı olub.

Tədbirdə “Schlumberger” şirkətinin Azərbaycandakı nümayəndələri tərəfindən məktəbin direktoruna diplom verilib. “Schlumberger” şirkətinin SEED Beynəlxalq Təhsil Proqramı haqqında tədbir iştirakçılarına geniş məlumat verildikdən sonra məktəbin şagirdləri müxtəlif mövzuları əks etdirən səhnəciklərlə çıxış ediblər.

Sonra qonaqlar təhsil müəssisəsinin xüsusi laboratoriya cihazları və kompüter avadanlıqları ilə təchiz olunan biologiya fənn laboratoriyası ilə yaxından tanış olublar. Yeni proqramın köməyi ilə şagirdlər eksperiment aparmaq imkanı da əldə ediblər. Onu da bildirək ki, 233 saylı məktəb SEED proqramı çərçivəsində qrant alan sayca 4 – cü təhsil ocağıdır.

Qeyd edək ki, Azərbaycanda 1997 - ci ildən fəaliyyət göstərən Schlumberger şirkəti neft və qaz yataqlarının işlənməsi üzrə bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal iştirak edir. Şirkət gənc nəslin inkaşafına xidmət edən layihələrin gerçəkləşdirilməsinə xüsusi önəm verir. Schlumberger şirkətinin reallaşdırdığı SEED təhsilə dəstək proqramı çərçivəsində müxtəlif ölkələrin ümumtəhsil məktəbləri fənn laboratoriyaları, tədris ləvazimatları, kompüter və internetə çıxış imkanları ilə təmin olunur.