30.04.2014

Məktəblilər İlyas Əfəndiyevi andılar

Bakı şəhəri 190 saylı orta məktəbdə görkəmli nasir və dramaturq, xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi - bədii gecə keçirilmişdir. Tədbirdə millət vəkilləri Ziyad Səmədzadə və Hüseynbala Mirələmov, dramaturq Əli Əmirli, xalq artistləri Mərahim Fərzəlibəyov, Nurəddin Mehdixanlı, yazıçının nəvəsi Günay Əfəndiyeva və başqa qonaqlar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova açaraq İlyas Əfəndiyevin həyat və yaradıcılığından geniş bəhs etmişdir. Daha sonra şagirdlərin iştirakı ilə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Apardı sellər Saranı”, “Hökmdar və qızı”, “Sarıköynəklə Valehin nağılı” və başqa əsərlərindən səhnələr göstərilmişdir. Məktəblilərin hazırladıqları musiqi nömrələri, muğam ifaları, şeir parçaları tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanmışdır.

Tədbirdə İlyas Əfəndiyev haqqında sənədli film də nümayiş olunmuşdur. Həmçinin İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri, eləcə də ona ithaf olunmuş şeirlərdən parçalar səsləndirilmişdir.

Tədbirin sonunda çıxış edən İlyas Əfəndiyevin nəvəsi, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva babasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.