26.05.2014

ƏJDAHA ADAM

İstedad bulaq kimidir, mütləq günlərin birində qaynayıb yer üzünə çıxacaq. Budəfəki qəhrəmanımız da uşaq yaşlarında öz istedadı ilə yer üzünə çıxan bulaqlara bənzəyir - onlar kimi saf, təmiz, duru...

Əliyev Nicat Bahadur oğlu 22 noyabr 2000 – ci ildə Bakıda anadan olub. Hal – hazırda 20 saylı məktəb – liseyin VII sinif şagirdidir. Nicat ibtidai sinifdə oxuyandan bədii ədəbiyyata maraq göstərmiş kiçik həcmli hekayələr, şeirlər yazmağa başlamışdır.

İlk dəfə 2013 – cü ildə onun “Əjdaha adam” adlı kiçik həcmli kitabı nəşr olunub və bu kitab Nicatın oxucularla ilk görüşü olub. Hazırda isə o yaradıcılığını davam etdirir.

Nicat yazmağı, həm də müxtəlif sahələrə dair əsərlər oxumağı çox sevir. Onun üçün kitab ilk növbədə həyatı öyrənmək üçün bir vasitədir.Elə kitablar var ki, Nicatın öz dünyasını yaradıb bu dünyanı öyrənməsinə yardım edir. Qəribə görünməsin, Nicatın detektiv janrda olan əsərlərə marağı çox böyükdür. Əsasən dünya ədəbiyyatına aid kitabları oxumağa üstünlük verir.

Sevmədiyi fənn yoxdur. Ən çox sevdiyi fənlər isə Azərbaycan dili - ədəbiyyat və riyaziyyatdır.

Nicat həmyaşıdlarından bir çox xüsusiyyətləri ilə fərqlənir. Təkcə fənlərə olan marağına, fitri istedadına görə yox, həm də dünyagörüşü, fikirləri, qətiyyəti ilə. Nə istədiyini və istədiyinə çatmaq üçün nə etmək lazım olduğunu yaxşı bilir.

Nicat artıq gələcək üçün planlar qurur. Bu planların arasında gələcəkdə hüquqşünas olmaq arzusu da dayanır.

Nicat öz fikrini sərbəst ifadə edir və əsaslandırır. Onun haqqında danışanda daha çox “məsuliyyətlidir”, “sadəlövhdür”, “xoş xasiyyətlidir” ifadəsi işlədilir.Gözəl nitq bacarığı var və bu ona bütün siniflə ünsiyyət qurmaqda kömək edir.

Özü barədə danışanda ən çox boş oturmaq, vaxtını boşuna sərf etmək istəmədiyini deyir. Kitab oxumağa çox vaxt sərf etsə də bu o demək deyil ki, Nicatın dünyasında əyləncələrə yer yoxdur. Əksər oğlan uşaqları kimi o da futbolu çox xoşlayır. Kompyuter təkcə dərslərində yardımçı deyil, zaman - zaman həm də onun oyun yoldaşıdır. Bundan başqa, Nicat boksla da məşğuldur.

Dərslərində ona yaxından kömək edən müəllimi Günay Əzizli Nicatın uğurlarının səbəbindən danışarkən məqsədyönlülüyünün xüsusi rol oynadığını deyir. Məhz elə bu məqsədyönlülük bir məsələnin həllindən başlayıb vətənə, millətə layiqli övlad olmağa qədər uzun bir yolda Nicatın ən yaxın köməkçisi olacaq.

Qalır bircə bu uğurlu fəaliyyəti gələcəkdə də davam etdirmək. Nicat bu baxımdan bacarığına və bu bacarığını sərgiləmək üçün şəraitin gələcəkdə də yaradılacağına əmindir. Əminlik isə qələbənin yarısıdır. Biz də öz növbəmizdə Nicata yaradıcılıq uğurları arzulayırıq.