27.05.2014

Məktəblilər Respublika Gününü qeyd etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Səbail Rayon İcra hakimiyyəti ilə birgə 28 May – Respublika Günü münasibətilə «N» saylı hərbi hissədə tədbir keçirmişdir.  Tədbirdə məktəb direktorları, yuxarı sinif şagirdləri və hərbi hazırlıq fənn müəllimləri iştirak etmişlər.
İlkin olaraq şagird və müəllimlər Azərbaycanın qorunması naminə həyatını fəda etmiş döyüşçülərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar. 
Sonra Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Daxili Qoşunların Komandanının I müavini - qərargah rəisi, general-mayor Şirin Xəlilov və BŞTİ – nin müdir müavini Hüseyn Əsgərov məktəblilərlə birgə hərbi hissənin əsgər yataqxanalarına və xidməti otaqlarına baxmışlar.
Tədbirdə Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə məktəblilərə məlumat verilmiş, bu silahlardan istifadə qaydaları, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş xüsusi geyimləri nümayiş etdirmişdir. 
Daha sonra xüsusi təyinatlı dəstənin üzvləri tərəfindən göstərilən “Cinayətkarın tərk silah edilməsi” mövzusunda nümunəvi çıxışlar məktəblilər tərəfindən böyük maraqla izlənilmişdir.
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov hərbi hissənin şəxsi heyətini və iştirakçıları Respublika Günü münasibəti ilə təbrik etmiş və əsgərlərimizə çətin və şərəfli xidmətlərində uğurlar arzulamışdır. Müdir müavini həmçinin belə tədbirlərin məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinin formalaşması və aşılanmasında xüsusi əhəmiyyəti olduğunu da bildirmişdir.
Rəsmi hissədən sonra qonaqlar və hərbi hisənin şəxsi heyəti üçün birgə nahar süfrəsi təşkil olunmuşdur.