Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə - Layihə

I. Ümumi müddəalar

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.07.2006-cı il tarixli, 189 nömrəli qərarı ilə yaradılmış,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik) struktur qurumudur.

 

2. İdarə öz fəaliyyətində  Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan  Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnaməni, Nazirliyin kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur.

 

3. İdarə bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə qeyri-hökumət təşkilatları,  hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

4. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

 

5. İdarənin aparatının, tabeliyində olan qurumlarının və təhsil müəssisələrinin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. İdarə təsdiq olunmuş xərclər smetasına əsasən ayrılmış büdcə vəsaitlərinin mövcud qanunvericiliyə uyğun xərclənməsində tam müstəqildir.

 

6. İdarə Bakı şəhərində yerləşir. İdarənin hüquqi ünvanı: Bakı şəhəri, AZ 1007, Xan Şuşinski küçəsi -17.

 

II.  İdarənin fəaliyyət istiqamətləri

 

7. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

7.1. Bakı şəhərində təhsil sisteminin normal fəaliyyətini təmin edən, onun  inkişafı üçün şərait yaradan, keyfiyyət göstəricilərinin daim yüksəldilməsinə xidmət edən təşkilati-pedaqoji tədbirləri həyata keçirir;

 

7.2. təhsilin inkişafı ilə bağlı müxtəlif məqsədli proqramlar hazırlayıb həyata keçirir, öz səlahiyyətləri daxilində onların müvafiq icra hakimiyyəti və özünüidarəetmə orqanları, təhsil müəssisələri, eləcə də digər əlaqədar strukturlar tərəfindən yerinə yetirilməsini əlaqələndirir;

 

7.3. Bakı şəhəri üzrə təhsilin səviyyəsinə görə məsuliyyət daşıyır, təlim prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət edir;

 

7.4. Tabeliyində olan təhsil müəssisələrində icbari ümumi orta təhsilin həyata keçirilməsi üçün zəruri tədbirlər görür və müvafiq  təkliflər irəli sürür.

 

7.5. Nazirliyin normativ-hüquqi aktlarına və təhsil sahəsində müasir təcrübələrə əsaslanaraq Bakı şəhəri üzrə təhsil müəssisələrinə təlimə dəstək və tədris - metodiki köməkliyi həyata keçirir;

 

7.6. tabeliyində olan müəssisələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirir, təhlil edir və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər verir;

 

7.7. tabeliyində olan ümumtəhsil məktəbləri məzunlarının müvafiq təhsil sənədləri ilə təmin olunmasını təşkil edir;

 

7.8. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərinin ayrı-ayrı yaşayış məntəqələrinin inkişafını və demoqrafik xüsusiyyətlərini nəzərə alaraq, təhsil müəssisələrinin şəbəkəsinin və onun inkişaf perspektivlərinin müəyyənləşdirilməsində, mütəmadi şəkildə şəbəkənin fəaliyyətinin optimallaşdırılmasında, vətəndaşların fasiləsiz təhsil almalarına əlverişli şəraitin yaradılmasında iştirak edir;

 

7.9 tabeliyindəki təhsil müəssisələrində xüsusi istedada malik olan uşaq və şagirdlərin istedadının inkişafına, potensial imkanlarından səmərəli istifadəyə, onların müxtəlif səviyyəli müsabiqələrdə, o cümlədən beynəlxalq olimpiadalarda, yarışlarda iştirakına əlverişli şərait yaratmaq üçün tədbirlər görür;

 

7.10. Bakı şəhərinin sosial - iqtisadi inkişaf perspektivlərini nəzərə almaqla təhsil sisteminin inkişafını proqnozlaşdırmaq məqsədilə zəruri təhlillər aparır, monitorinqlər keçirir, gələcək fəaliyyətin strategiyasına dair təkliflər hazırlayır;

 

7.11. səlahiyyətləri daxilində Bakı şəhəri üzrə təhsil müəssisələrinin yaradılması, yenidən təşkili, ləğvi barədə Nazirliyə rəy və təkliflər verir;

 

7.12. aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə səlahiyyətləri daxilində Bakı şəhəri üzrə xüsusi təhsil ehtiyacları olan, habelə sağlamlıq imkanları məhdud (xüsusi qayğıya ehtiyacı olan) uşaq və gənclərin təhsilini xüsusi proqram və metodikalar əsasında təşkilini təmin edir;

 

7.13. Bakı şəhəri üzrə qəyyumluq və himayə orqanlarına metodik köməklik göstərir, valideyn himayəsindən məhrum olan uşaqların müəyyənləşdirilməsi və onların təhsilə cəlb olunmasında iştirak edir, əlaqədar təşkilatlarla birgə sosial müdafiə məsələlərinin həlli üçün tədbirlər görür;

 

7.14. tabeliyindəki təhsil müəssisələrində psixoloji xidmətin təşkili və tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirir;

 

7.15. səhiyyə qurumları ilə birlikdə tabeliyindəki təhsil müəssisələrində tibbi xidmətin təşkili və profilaktik tədbirlərin görülməsi üçün şəhər miqyaslı tədbirlərin həyata keçirilməsində iştirak edir;

 

7.16. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tabeliyindəki təhsil müəssisələrində idman - sağlamlıq işlərinin təşkili ilə bağlı lazımi tədbirlər görür, uşaq və şagirdlərin şəhər miqyaslı idman yarışlarını, turist yürüşlərini, özfəaliyyətlərinə, texniki və bədii yaradıcılıqlarına baxışları və bu kimi digər tədbirləri həyata keçirir;

 

7.17. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tabeliyindəki təhsil müəssisələrində təhsil alanların, pedaqoji və texniki-yardımçı heyət işçilərinin tibbi müayinədən keçirilməsi ilə bağlı tədbirlər görür;

 

7.18. Bakı şəhəri üzrə təhsilalanların bilik və nailiyyətlərinin qiymətləndirilməsi sisteminin müasir tələblər baxımından inkişaf etdirilməsinə dair təkliflər verir;

 

7.19. tabeliyindəki təhsil müəssisələrində təhsilin keyfiyyətini yüksəltmək və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqinə geniş şərait yaratmaq məqsədilə innovativ tədbirlərə geniş yer verir, eksperimentlər aparır, pilot müəssisələr və eksperimental meydançalar yaradır, təhsil sistemində aparılan islahatların sürətləndirilməsi və müsbət nəticələrin əldə olunması üçün məqsədyönlü tədbirlər həyata keçirir;

 

7.20. tədris və təlim proseslərində yeni pedaqoji texnologiyalardan, fəal,interaktiv və digər müasir təlim metodlarından istifadə üçün lazımi şəraitin yaradılmasına metodiki və təşkilati dəstək göstərir;

 

7.21. təhsillə bağlı müxtəlif məqsədli proqramların həyata keçirilməsində kommersiya və qeyri-kommersiya hüquqi şəxslərlə əməkdaşlıq edir;

 

7.22. Bakı şəhəri üzrə təhsil sisteminin inkişafı üçün qrantlar, texniki yardımlar, habelə investisiya layihələrinin cəlbi ilə bağlı tədbirlər görür;

 

7.23. təhsilin strategiya və problemlərinə həsr olunmuş elmi - praktik konfransların, simpozium və müsabiqələrin, habelə bu sahədə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsini təşkil edir;

 

7.24. öz səlahiyyətləri daxilində təhsil sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar və sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür;

 

7.25. səlahiyyətləri  daxilində xarici ölkələrin müvafiq hüquqi və fiziki şəxsləri ilə təhsil sahəsində birbaşa beynəlxalq əlaqələr yaradır, tabeliyindəki müəssisə və təşkilatların beynəlxalq əlaqələrinin inkişafını təmin edir;

 

7.26. həmkarlar ittifaqları orqanları, ictimai təşkilatlar, aidiyyəti müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tabeliyindəki qurumlarda və təhsil müəssisələrində  təhsil alanların və təhsil sahəsi işçilərinin təhlükəsizliyinə, sağlamlığının qorunmasına, təhsil və əmək şəraitinin təmin olunmasına, əməyin mühafizəsinə yönəldilmiş kompleks tədbirlər hazırlanıb həyata keçirilməsində iştirak edir;

 

7.27. tabeliyindəki qurumlarda və müəssisələrdə olan təhsil işçilərinin əməyinin stimullaşdırılması,  həvəsləndirilməsi və mükafatlandırılması tədbirlərini həyata keçirir, işçilərə mövcud qanunvericilik  daxilində dövlət təltiflərinin və fəxri adların verilməsi üçün yuxarı təşkilatlar qarşısında vəsatət qaldırır;

 

7.28. tabeliyindəki qurumlarda və müəssisələrdə fəaliyyət göstərən hərbi mükəlləfiyyətlilərin və çağırışçıların hərbi qeydiyyatına, hərbi mükəlləfiyyətlilərin təxsislənmə işinin düzgün və qanunvericiliyə uyğun aparılmasına nəzarət edir, bu sahədə olan vəziyyətin mütəmadi təhlilini aparır;

 

7.29. tabeliyindəki ümumtəhsil məktəblərinin real tələbatlarına uyğun olaraq onların dərsliklərlə, dərs vəsaiti ilə, tədris-metodik ədəbiyyatla vaxtında təmin olunması üçün tədbirlər görür;

 

7.30. tabeliyindəki təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi, ixtisaslarının artırılması, habelə onlara mentorluq dəstəyinin verilməsi üçün müvafiq tədbirlər həyata keçirir;

 

7.31. hər tədris ili üçün Bakı şəhəri üzrə tabeliyində olan dövlət təhsil müəssisələrində pedaqoji kadrlara olan real tələbatı öyrənir və bu tələbatın ödənilməsi üçün tədbirlər görür;

 

7.32. Bakı şəhəri üzrə təhsilin idarəolunmasının məlumat sistemlərini yaradır, əksmərkəzləşmə və səlahiyyətlərin bölüşdürülməsi prinsiplərinə uyğun demokratik idarəetmə modellərindən geniş istifadə edir;

 

7.33. təsdiq olunmuş formada Bakı şəhəri üzrə aidiyyəti statistik məlumatların və hesabatların toplanmasını təşkil edir, onları araşdırıb təhlilini aparır, səlahiyyətləri daxilində yekun hesabatların və təhlil nəticələrinin müvafiq orqanlara təqdim edilməsini həyata keçirir;

 

7.34. Bakı şəhəri üzrə təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarını genişləndirir, tabeliyindəki təhsil müəssisələrinin informasiyalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir;

 

7.35. İdarənin birbaşa tabeliyində olan təhsil müəssisələri üzrə iqtisadi göstəricilərin, onlara təsir edən faktorların təhlilini aparır və proqnozunu verir, illik büdcənin planlaşdırılmasını təmin edir. Müəssisələrin saxlanması və inkişafına dair xərclər smetasını tərtib edir və Nazirliyə təqdim edilməsini təmin edir. Müəssisələrin ştat cədvəllərini işləyib hazırlayır, işçilərin əmək haqqının normativ - hüquqi sənədlərə uyğun müəyyən olunmasını və ödənilməsini təmin edir, xərclərin xəzinədarlıq sisteminin tələblərinə və Vahid Büdcə Təsnifatına uyğun aparılmasını təmin edir;

 

7.36. təsdiq olunmuş xərclər smetası çərçivəsində İdarə və tabeliyində olan təhsil müəssisələrinin xərclərini aparır, cari təmir, təchizat məsələlərini həll edir və əsaslı təmirə dair təkliflər verir;

 

7.37. tabeliyindəki müəssisələrdə büdcədənkənar vəsaitlərin mövcud qanunvericiliyə uyğun formalaşdırılmasını, o cümlədən təhsil müəssisələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsini təşkil edir, gəlir və xərclərin müəyyənləşdirilməsinə dair təkliflər verir və təsdiq olunması üçün Nazirliyə təqdim edir;

 

7.38. təsdiq olunmuş xərclər smetasının icrasını, mövcud təlimatın tələblərinə uyğun uçotunu təmin edir və mühasibat uçotu hesabatlarını tərtib edir. Direktiv orqanlar tərəfindən müəyyən olunmuş qaydada və müddətdə xərclər smetasının icrası balansını hazırlayır və yuxarı orqana təqdim edir;

 

7.39. aidiyyəti strukturlarla birgə tabeliyindəki qurumlar və təhsil müəssisələrinin maddi- texniki və tədris bazasını inkişaf etdirir;

 

7.40. Bakı şəhəri üzrə təhsil sistemi şəbəkəsinin optimallaşdırılması nəticəsində azad olunmuş maddi-texniki bazadan yalnız təhsil məqsədləri üçün istifadəni təmin edir;

 

7.41. Bakı şəhəri üzrə məktəb və digər təlim-tərbiyə müəssisələrinin, əlavə tikililərin inşasına dair tələbatı öyrənir, onların tutumu və digər məsələlərlə bağlı təkliflər verir;

 

7.42. səlahiyyətləri daxilində tabeliyində olan qurum və təhsil müəssisələri ilə bağlı müraciətlərə baxır və nəticəsindən asılı olaraq, müvafiq tədbirlər həyata keçirir;

 

7.43. özünün və tabeliyində olan təhsil müəssisələrinin fəaliyyəti barədə ictimaiyyətə geniş məlumatlar verir, KİV-lərlə sıx əlaqələr qurur, ictimaiyyət nümayəndələri ilə müxtəlif görüşlər təşkil edir və tədris prosesinə mane olmamaq şərtilə tabeliyindəki təhsil müəssisələrində KİV-lər tərəfindən foto və videoçəkiliş aparılması, reportaj hazırlanması ilə bağlı müraciətlərə münasibət bildirir;

 

7.44. Bakı şəhəri üzrə təhsil sisteminin vəziyyəti barədə mütəmadi olaraq Nazirliyə hesabat təqdim edir;

 

7.45. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 

III. İdarənin əsas vəzifələri

 

8. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

8.1. səlahiyyətləri daxilində tabeliyində olan təhsil müəssisələrində dövlətin təhsil siyasətinin həyata keçirilməsində iştirak etmək;

 

8.2. Bakı şəhərində vətəndaşların təhsil almaları üçün onların Konstitusiya ilə təsbit olunmuş hüquqlarını qorumaq və onların pozulmasının qarşısını almaq, bu məqsədlə təhsildə bərabər şərait və imkanlar yaratmaq;

 

8.3. səlahiyyətləri daxilində tabeliyində olan təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsində iştirak etmək;

 

8.4. Bakı şəhəri üzrə təhsil sisteminin inkişaf strategiyasınının müəyyənləşdirilməsində iştirak etmək, səlahiyyətləri daxilində prioritetlərə uyğun olaraq inkişaf proqramlarını hazırlamaq, onların həyata keçirilməsini təmin etmək;

 

8.5. Bakı şəhəri üzrə təhsil sisteminin fəaliyyətini müvafiq prinsiplər əsasında əlaqələndirmək, tənzimləmək, demokratik idarəetmə mexanizmlərini tətbiq etmək, tabeliyində olan müəssisələrin işi üzərində rəhbərlik və nəzarəti həyata keçirmək;

 

8.6. təhsil müəssisələrinin fəaliyyətinə əməli köməklik göstərmək, elmi - metodik, informasiya, maddi - texniki və tədris təminatını təşkil etmək və gücləndirmək, pedaqoji kollektivləri qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirmək;

 

8.7. səlahiyyətləri daxilində beynəlxalq əməkdaşlığı təşkil və inkişaf etdirmək;

 

8.8. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunması, habelə İdarədə, onun tabeliyində olan qurum və müəssisələrdə mühasibat uçotu və maliyyə-təsərrüfat fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək;

 

8.9. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

 

8.10. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

 

8.11. mütəmadi olaraq öz fəaliyyəti haqqında əhalini məlumatlandırmaq, malik olduğu və qanunvericiliklə müəyyən edilmiş qaydada siyahısı açıqlanmalı olan ictimai informasiyanı öz internet saytında yerləşdirmək və bu informasiyanın daimi yenilənməsini təmin etmək;

 

8.12. İdarənin və tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

 

8.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. İdarənin hüquqları

 

9. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

9.1. Bakı şəhəri üzrə təhsil sisteminin inkişaf etdirilməsi, konkret sahə üzrə strateji əhəmiyyətli problemlərin həlli üçün analitik təhlillərə əsaslanan inkişaf proqramları hazırlamaq, onları müvafiq rəhbər orqanlara təqdim etmək;

 

9.2. təhsil ilə bağlı normativ-hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflərlə çıxış etmək, öz səlahiyyətləri daxilində, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qəbul edilmiş qərarları, əmr, təlimat, sərəncam və bu kimi digər normativ-hüquqi aktlarla rəsmiləşdirmək, onlara hüquqi və təlimati izahlar vermək;

 

9.3. tabeliyində olan qurumların və təhsil müəssisəsi rəhbərlərinin qanunvericiliyə, normativ - hüquqi sənədlərə zidd olan qərar, əmr, göstəriş və hərəkətlərini qanunauyğun şəkildə qarşısını almaq və ya ləğv etmək;

 

9.4. səlahiyyətləri daxilində müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq ;

 

9.5. tabeliyində fəaliyyət göstərən bütün təhsil müəssisələrində monitorinqlər keçirmək, onların fəaliyyətini qiymətləndirmək, bu müəssisələrdə keyfiyyətə dövlət nəzarətini təşkil etmək;

 

9.6. öz səlahiyyətləri  daxilində tabeliyində olan qurumlardan və təhsil müəssisələrindən müvafiq qaydada təsdiq olunmuş statistik formalara uyğun hesabatlar tələb etmək, onların təhlilinə əsasən qərarlar qəbul etmək;

 

9.7. mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, satınalınacaq malların, işlərin və xidmətlərin texniki şərtlərini müəyyənləşdirmək, onların icrasına nəzarəti təmin etmək;

 

9.8. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının qanununa və nomenklatur qaydalara uyğun əməkdaşları işə qəbul və ya işdən azad etmək, eləcə də səlahiyyətləri daxilində tabeliyində olan təhsil müəssisələrində təhsil sahəsində çalışan işçilərin dövlət mükafatlarına və digər təltiflərə təqdim edilməsi üçün təkliflər vermək, pedaqoji kadrların həvəsləndirilməsi və əməyinin stimullaşdırılması tədbirlərini həyata keçirmək;

 

9.9. növbəti illər üçün dövlət büdcəsi formalaşdırılarkən təhsil müəssisələrinin ehtiyac və problemlərinin həlli ilə bağlı müvafiq orqanlara təkliflər vermək;

 

9.10. qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətləri daxilində müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

 

9.11. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

 

9.12. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək ;

 

9.13. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;

 

9.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. İdarənin fəaliyyətinin təşkili

 

10. İdarənin aparatı və onun  tabeliyində olan qurumlar İdarənin vahid sistemini təşkil  edir.

 

11. İdarənin müdiri  təhsil nazirinin əmri ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilir.  İdarənin müdiri ali təhsilli, təşkilatçılıq və idarəçilik təcrübəsi olan şəxslərdən təyin olunur.

 

12. İdarə müdiri İdarəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların  həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

13. İdarənin müdirinin Təhsil naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad olunan müavinləri vardır. İdarənin müdir müavinləri onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

 

14. İdarənin strukturu və ştat cədvəli Azərbaycan Respublikası Təhsil naziri tərəfindən təsdiq olunur.

 

15. İdarənin müdiri:

 

15.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

15.2. tabeliyindəki təhsil müəssisələrinin inkişafı baxımından zərurət yarandığı hallarda normativ sənədlərin, təlimati məktubların layihələrini hazırlayır və baxılması üçün Nazirliyə təqdim edir;

 

15.3. müavinlər və aparatın digər işçiləri arasında vəzifə bölgüsünü aparır;

 

15.4. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində tabeliyində olan büdcədən maliyyələşən qurumların ştat cədvəlinin təsdiq olunmasını təmin edir;

 

15.5. işçilər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

 

15.6. səlahiyyəti daxilində İdarənin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

 

15.7. tabeliyində olan təhsil müəssisələrinin nizamnamələrinə dair rəy verir və təsdiq olunması üçün müvafiq dövlət orqanlarına təqdim edir, eləcə də İdarə aparatının struktur bölmələrinin, habelə tabeliyindəki qurumların əsasnamələrini və iş planlarını təsdiq edir;

 

15.8. təhsilin ayrı - ayrı sahələrinin inkişaf etdirilməsi, operativ fəaliyyətin təmin olunması, monitorinqlərin aparılması, strateji fəaliyyət proqramlarının hazırlanması məqsədilə aidiyyəti mütəxəssislərdən ibarət işçi qrupları, eləcə də koordinasiya və təşkilati-idarəetmə komissiyaları yaradır;

 

15.9. Tabeliyində olan təhsil müəssisələri üzrə təhsilin inkişaf proqram və planlarının hazırlanmasını və əsaslandırılmasını təmin edir;

 

15.10. ildə bir dəfə İdarənin müdir müavinlərinin, kuratorluq   etdiyi   sektor müdirlərinin hesabatlarını dinləyir, onların fəaliyyətini təhlil edir və qiymətləndirir;

 

15.11. kredit sərəncamçısı kimi pul və maliyyə əməliyyatlarını həyata keçirir;

 

15.12. İdarəni müxtəlif dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda, habelə fiziki və hüquqi şəxslər qarşısında təmsil edir, İdarənin adından müqavilələr imzalayır və etibarnamələr verir;

 

15.13. Tabeliyindəki qurumların (təhsil müəssisələri istisna olmaqla) rəhbərlərini işə təyin edir və işdən azad edir;

 

15.14. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 

16. İdarənin müdiri əmək məzuniyyətində olduqda, habelə xəstəliyi ilə əlaqədar və ya digər səbəblərdən öz vəzifələrini icra edə bilmədikdə onun səlahiyyətləri Nazirlik tərəfindən müavinlərindən birinə həvalə edilir.