Azərbaycan Respublikası təhsil nazirinin “2018-2019-cu dərs ilində dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə” 20 iyul 2018-ci il tarixli F-524 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. “2018-2019-cu dərs ilində dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə” 20 iyul 2018-ci il tarixli F-524 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.
2. 2018/2019-cu dərs ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilsin.
3. Ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili ilə əlaqədar tədbirlərin həyata keçirilməsi və Sistemin idarəolunması üzrə sistem administratorluq hüququ İnformasiya təminatı sektoruna (İ.Abdullayeva) həvalə edilsin.
4. Məktəbəhazırlıq qruplarına uşaqların elektron qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək aparılsın.
5. İnsan resursları sektoru (R.Məmmədov) məktəbəhazırlıq qruplarında dərs aparacaq müəllimlərin müəyyən edilmiş meyarlara uyğun olaraq seçilməsini nəzarətdə saxlasın.
6. İnsan resursları sektoru (R.Məmmədov) və İnkişaf layihələri sektoru (A.Qədimalıyev) məktəbəhazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun öyrədici təlimlərin təşkili üçün müvafiq tədbirlər həyata keçirsinlər.
7. Ümumi təhsil sektoru (F.Əsgərov) məktəbəhazırlıq qrupları təşkil edilən ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin yaradılmasını nəzarətdə saxlasın.
8. Məktəbəhazırlıq qrupları təşkil olunacaq ümumtəhsil müəssisələrinin direktorlarına tapşırılsın:
8.1 Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın 28-dək aparılmasını təmin etsinlər;
8.2 Yaşayış məntəqələrində məktəbəhazırlıq yaşına çatmış uşaqların sayı müəyyən edilmiş normadan az olduğu halda, həmin uşaqların məktəbəhazırlıq təhsilinə cəlbi üçün BŞTİ-yə əsaslandırılmış məlumat təqdim etsinlər.
9. İnformasiya təminatı sektoru (İ.Abdullayeva) 2018/2019-cu dərs ili üçün məktəbəhazırlıq təhsilinin təşkili edilməsi məqsədilə qrupların sayı barədə məlumatı Maliyyə və mühasibatlıq və Təminat və təchizat sektorlarına təqdim etsin.
10. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) məktəbəhazırlıq təhsilinin təşkili üçün tələb olunan tədris resurslarının vaxtında ümumtəhsil müəssisələrinə çatdırılması ilə bağlı aidiyyəti tədbirlərin görülməsini təmin etsin.
11. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva-Nağıyeva) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet saytında yerləşdirilməsini, elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.
12. Ümumi sektor (V.Mirzəliyeva) əmrin çoxaldılaraq ümumtəhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
13. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “2018-2019-cu dərs ilində dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə” 20 iyul 2018-ci il tarixli F-524 nömrəli əmri
Məhəbbət Vəliyeva,
Nazir müavini, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri vəzifələrini
müvəqqəti icra edən
10 avqust 2018-ci il
№ F-260